11:13 12-12-2020
news_image
169
FUTBOL

9 ilin antirekordu – klublarımız avrokubokda

Azərbaycan klubları üçün avrokubokların 2020/21 mövsümü başa çatıb.

Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz mövsüm ərzində keçirdiyi 14 matçda cəmi 4 qələbə qazanıb.

Bu, son 9 ildə ən aşağı göstəricilərdir. Təmsilçilərimizin bu qədər az oyun keçirməsi və qələbə sayının aşağı olmasına sonuncu dəfə 2011/12 mövsümündə təsadüf olunub.

Həmin vaxt komandalarımız 12 matçda 3 dəfə qalib gəlib. Avropa Liqasının qrup mərhələsində debütlə əlamətdar olan 2012/13 mövsümündən başlayaraq isə klublarımız həm oyun, həm qələbə sayında daha yüksək nəticələr göstərib.

Azərbaycan komandaları mövsümü 16 qolla tamamlayıb. Bu da son 9 ilin antirekordudur. 2011/12 mövsümündə cəmi 13 qol qeydə alınıb. Amma sonrakı illərdə bir dəfə - 2013/14 mövsümündə indiki qədər 16 qol vurulub. 

Düzdür, oyun və qələbə sayının azlığı təsnifat mərhələlərində duellərin iki deyil, bir matçdan ibarət olmasının da rolu az deyil. Bunun sayəsində daha 8 oyun baş tuta bilərdi. Amma avrokuboklarla ilk raundda vidalaşan “Keşlə” və “Sumqayıt”ın, cəmi iki matça çıxan “Neftçi”nin uğursuzluqlarına haqq qazandırmır. Heç kim təminat vermir ki, keçirilməyən 8 görüşdə qələbələr olacaqdı. Nəzərə də almaq lazımdır ki, təsnifat mərhələlərinin 8-dən 7-si evdə baş tutub və əgər raundlar iki qarşılaşmadan ibarət olsaydı, rəqib meydanında 7, Bakıda 1 əlavə görüş oynanılacaqdı. Qrupda qələbəsiz qalan “Qarabağ” digər təmsilçilərimizdən yaxşı çıxış etsə də, son illərdə göstərdiyi nəticələrdən geri qalıb.

Qeyd edək ki, hesabında 3 heç-heçə də olan komandalarımız keçirdiyi oyunların yarısında – 7 dəfə uduzub. 16 qol vuran futbolçularımız 17 top buraxıb. Avropa Liqasının qrup mərhələsinin VI turunun baş tutmayan “Vilyarreal” – “Qarabağ” görüşündə yaxın günlərdə rəsmiləşəcək texniki məğlubiyyət top fərqində nəzərə alınmayıb.