15:15 15-12-2020
news_image
95
FUTBOL

Vüsal İsgəndərli: “Qələbə qazanmadıqca stress artır, problemlər çoxalır” - MÜSAHİBƏ

“Keşlə” klubunun futbolçusu Vüsal İsgəndərlinin apasport.az saytına müsahibəsi

- Premyer Liqada yaranmış növbəti fasilədən sonra dekabrın 20-də XII tur çərçivəsində  “Səbail”lə keçiriləcək oyuna hazırlıq necə gedir?
- Hazırlıq yaxşı səviyyədə gedir. Doğrudur, bütün komanda hələ bir yerdə deyil. Con Kamara, Miyusko Boyoviç və Turan Vəlizadə koronavirusa yoluxduqları üçün bizimdən ayrı düşüblər. Buna baxmayaraq, məşqlərimiz yaxşı keçir, hamımız istəkliyik. Çəkdiyimiz əziyyətin bəhrəsini “Səbail”lə matçda görmək istəyirik.

- Peşəkar Futbol Liqası təxirəsalma ilə də olsa çempionatın davamına qərar verdi. Buna münasibətiniz necədir?
- Qərar hamı üçün keçərlidir, hörmətlə yanaşmalıyıq. Görünür, belə məsləhət görülüb. İnşallah, bundan sonra çempionatımız problemsiz keçər, heç kim koronavirusa yoluxmaz.

- Koronavirusdan əziyyət çəkən futbolçular arasında siz də var idiniz. Həmin günləri necə keçirdiniz?
- Məndə yalnız burun tutulma olmuşdu. Nəfəs almaqda çətinlik çəkirdim. Şükür Allaha, sağaldım. Sistem qoydurdum, dərmanlar içdim. Allah bütün xalqımızı qorusun. İnşallah, bu problem tezliklə həll olar.

- Premyer Liqada son 6 oyunun cəmi 1-də qələbə qazanmısız. Bu mənada yaranan fasiləni sizin üçün göydəndüşmə saymaq olar?
- Bəli. Qələbə qazanmadıqca stress artır, problemlər çoxalır. Üstəlik, təzyiq də olur. Bütün bunlar istər-istəməz oyuna təsir göstərir. İlin son iki görüşünü maksimum nəticə ilə tamamlamaq istəyirik. Ondan sonra güclənməyə ehtiyacımız olacaq.

- “Səbail” son vaxtlar formadadır. Onları məğlub etmək çətin olmayacaq?
- Ümumiyyətlə, bütün oyunlar çətin olur. Ancaq bizim məqsədimiz həftəsonu yalnız qələbə qazanmaqdır.

- “Keşlə”dən yenicə ayrılan əcnəbi futbolçular 3 aydır maaşların verilmədiyini deyirlər. Hazırda klubda maliyyə baxımından vəziyyət necədir?
- Bircə onu deyə bilərəm ki, pullarımızı qəpiyinə qədər almışıq.