16:59 15-12-2020
news_image
342
FUTBOL

Mövsümə 2 pillə geridən başlayacaq - Azərbayacan

Azərbaycanın yeni mövsümə UEFA reytinqində başlayacağı mövqe bəlli olub.

Apasport.az saytının məlumatına görə, ölkəmiz avrokubokların 2021/22 mövsümünü 28-ci sırada başlayacaq.

Son 5 mövsümün nəticələrinin əsas götürüldüyü reytinq siyahısında 2017-2022-ci illərin nəticələri əksini tapacaq. Yeni mövsümün xalları əvvəlki 4 ilin üzərinə gələcək. Azərbaycan startda 12,625 xala malik olacaq. 

Bu, hazırkı mövqeyimizlə müqayisədə 2 pilləlik geriləmə anlamına gəlir. Hazırda 26-cı olan və mövsümü də eyni mövqedə bitirəcək Azərbaycan 2016/17 mövsümünün nəticələrinin silinməsi üzündən geriləyəcək. Həmin vaxt aktivimizə 4,250 xal gəlib.

Geriləməyə səbəb Qazaxıstanla Macarıstanın xal hesabında bizi geridə qoymasıdır. Reytinqdən silinən mövsümdə müvafiq olaraq 2,750 və 1,875 xal qazanan bu ölkələr sonrakı 4 ildə Azərbaycandan üstün olub. Macarıstan bu müddətdə 13,625, Qazaxıstan isə 12,875 xal toplayıb.

Düzdür, cari mövsüm hələ başa çatmayıb. Amma Azərbaycan və daha aşağı pillələrdə qərarlaşan ölkələrin təmsilçiləri mübarizəni dayandığından onların mövqeyi dəyişməz qalacaq.

Qeyd edək ki, klublarımız 2017/18 mövsümündə 4,375, 2018/19 mövsümündə 2,375, 2019/20 mövsümündə 3,275, cari mövsümdə isə 2,500 xal qazanıb.