09:46 16-12-2020
news_image
171
FUTBOL

“Kiçik addımlarla öz arzuma çatmaq istəyirəm” – “Səbail”in qapıçısı

“Səbail” qapıçısı Nikolas Hagen klubun saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, qvatemalalı qapıçı ölkəmiz və karyerası barədə fikirlərini açıqlayıb.

- 5 aya yaxındır buradasınız. Azərbaycan haqqında nələr öyrənmisiz?
- Azərbaycanı sevirəm və burada özümü azərbaycanlı kimi hiss edirəm. Bura haqqında çox öyrənib, araşdırıram. Komanda yoldaşlarım da bu barədə mənə köməklik edir. Bu arada milli mətbəxinizi də çox sevirəm.

- Ölkənizdə futbol çox sevilir. Bəs sizin ölkədən kənarda oynamağınıza səbəb nə oldu?
- Qvatemalada futbol çox sevilir. Karyeramda uğurlu olduğumu düşünürəm. Daha da inkişaf etmək üçün başqa ölkəyə getmək barədə fikirləşirdim. Kiçik addımlarla öz arzuma çatmaq istəyirəm. Bu da, addımlarımdan biridir.

- Bu il karyeranıza yeni nələr qatdınız?
- Bu il karyeramda ən mühüm addımlardan biri ölkəmdən kənarda, başqa liqada oynamağım oldu. Daha yüksək səviyyədə oynamaq istəyir və buna görə çox çalışıram. 2020-ci ildə uğurlar qazandım. Arzularıma çatmağa kömək edən il oldu.

- Sizi motivasiya edən nədir?
- Hər dəfə özüm-özümü hardan başlamağım və hara çatmağım ilə motivasiya edirəm. Bu, mənə inkişaf etməkdə kömək edir.

- Karyeranızda ən yaddaqalan oyun hansıdır?
- 2019-cu ildə Qvatemalada milli komandanın start heyətində ilk çıxdığım oyun ən yaddaqalan oyunumdur. Həmin oyunda Kosta-Rikaya 1:0 hesabı ilə qalib gəlmişdik. 

- Qvatemalada ən çox nə üçün darıxırsız?
- Həm ailəm və dostlarım, həm də Qvatemala üçün darıxmışam.

- Komanda yoldaşlarınızdan ən çox hansı ilə yaxınsınız?
- Komanda yoldaşlarım ilə yaxşı əlaqələrimiz var. Hamı mənə çox yaxşı münasibət göstərir. Öz ölkəmizdən kənarda olduğumuz üçün əcnəbi futbolçularla daha çox söhbətləşirik. Komanda da hamı bir-birini sevir və hörmət bəsləyir.

- Koronavirusdan necə müdafiə olunursunuz?
- Çox sadə metodlarla qorunuram. Sosial məsafə saxlayır, əllərimi tez-tez yuyuram və sadəcə, şəxsi su qabımdan istifadə edirəm. Hər kəs sadə üsullara diqqət etsə, özünü virusdan qoruya bilər.