12:38 16-12-2020
news_image
206
FUTBOL

İlin ən yaxşısı kimdir? – “Qarabağ”ın futbolçusu açıqladı

“Ötən mövsümlə ümumi ili müqayisə etdikdə fərqli mənzərə ortaya çıxır”.

Bunu apasport.az saytının Azərbaycanda 2020-ci ilin ən yaxşı futbolçusu sorğusuna cavabında millimizin və “Qarabağ” klubunun qapıçısı Şahrudin Məhəmmədəliyev deyib.

2019/20 mövsümünü və ümumilikdə ili dəyərləndirən 26 yaşlı qolkiper bir neçə futbolçunu fərqləndirib: “Təəssüf ki, ötən mövsümü məlum koronavirus problemi ucbatından başa vura bilmədik. Ancaq geridə qalan mövsümə qiymət verəndə “Sumqayıt”ın yarımmüdafiəçisi Rəhim Sadıxovu xüsusi fərqləndirməliyəm. Parlaq mövsüm keçirdi, millidə uğurlu debüt etdi. Düşünürəm ki, o, daha da yaxşı olacaq. Bir çox futbolçu barədə bu fikirdəyəm. Komanda yoldaşım İsmayıl İbrahimov da sürətlə inkişafdadır. Mənə görə, o, Azərbaycanın ən yaxşı futbolçularındandır. “Keşlə”də Vüsal İsgəndərli çox çalışqandır. Slavik Alxasov “Keşlə”nin ən yaxşısı idi. Həmçinin “Sumqayıt”dakı Elvin Bədəlov da oyununu xeyli yaxşılaşdırıb”.

Məhəmmədəliyev 2020-ci ilin ən yaxşı futbolçusu qismində komanda yoldaşı Qara Qarayevi görür: “İstənilən halda “Qarabağ”ın bütün mövqelərində oynayan futbolçular mənim üçün yaxşıdırlar. Ancaq digər klublardakı oyunçuların çıxışını da qiymətləndirməmək mümkün deyil. Ümumi götürdükdə, 2020-ci ilin ən yaxşı futbolçusu Qara Qarayevi seçərdim. Bu il onun çıxışında böyük irəliləyiş oldu. Qara oyunu ilə tam fərqli səviyyəyə yüksəlib”.