10:55 17-12-2020
news_image
87
FUTBOL

Filip İvanoviç: “Neftçi” önünə 3 xal üçün çıxacağıq” - MÜSAHİBƏ

“Sabah” klubunun serbiyalı müdafiəçisi Filip İvanoviçin apasport.az saytına müsahibəsi

- Premyer Liqada yaranan fasilə artıq başa çatır. XII tur çərçivəsində dekabrın 20-də “Neftçi” ilə keçiriləcək ağır oyunöncəsi komandada vəziyyət necədir?
- Bu il koronavirus bütün komandaların hazırlığına mənfi təsir göstərdi. Komandamızda bu virusa yoluxanlar yavaş-yavaş sağalır, kollektivə dönürlər. Artıq məşqlərdə daha çox futbolçu iştirak edir ki, bu da bizi sevindirir.

- “Neftçi”də yoluxma faktı daha çoxdur. Bunu sizin üçün müsbət hal kimi qiymətləndirmək olar?
- Koronavirus biz də daxil olmaqla, bütün klublara zərbə vurdu. Hamıda vəziyyət təxminən bərabərdir. Bizim məqsədimiz bütün oyunlarda qələbə qazanmaqdır. Həmçinin “Neftçi” önünə də 3 xal üçün çıxacağıq.

- Hazırda 10 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşırsınız. İndiyə qədərki çıxışınızı necə qiymətləndirirsiniz?
- Təbii ki, hazırkı mövqe və topladığımız xal sayı bizi qane etmir. Amma unutmayaq ki, mövsüm uzun marafondur, hələ çox oyun olacaq. Qarşıdakı matçlarda qələbələr qazanıb, turnir cədvəlində yuxarı pillələrə yüksəlmək öz əlimizdədir.

- Kifayət qədər iddialı heyətiniz olsa da, nəticələriniz ürəkaçan deyil. Komandada çatışmayan nədir?
- Sadəcə, lazımi matçlarda qələbə qazana bilmədik. 7-ci pillədə olmağımızın səbəbi də budur. Amma mövsümün sonunda mövqeyimizi yaxşılaşdıracağımıza inanıram.