23:48 17-12-2020
news_image

“Bürünc” döyüşünə çıxan 3 güləşçimizin 3-ü də uduzdu – Dünya Kubokunda

Serbiyada güləş üzrə Fərdi Dünya Kubokunda altıncı yarış gününə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, sərbəst güləşçilərin ilk medal günündə 5 dəst mükafat sahibini tapıb.

Azərbaycan millisinin 3 güləşçisi həlledici görüşə çıxıb. 

Təmsilçilərimizdən Gitinoməhəmməd Hacıyev təsəlliverici görüşdə Georgi Bukura (Rumıniya) 8:0 hesabı ilə qalib gəlsə də, 3-cü yer uğrunda qarşılaşmada İslambek Orozbekova (Qırğızıstan) minimal fərqlə uduzaraq 5-ci yerlə kifayətlənib (5:6).

Təmsilçilərimizdən Alyona Kolesnik (57 kq) təsəlliverici görüşə çıxıb və almaniyalı Laura Mertensə qalib gələrək (4:1) bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Həlledici görüşdə sonuncu xal prinsipinə əsasən Kolesnik rusiyalı Veronika Çumikovaya uduzub (2:2). 

Bürünc medal görüşü Hacımurad Məhəmmədsəidov (92 kq) da çıxışını uğursuzluqla bitirib. O, Erhan Yaylacı (Türkiyə) ilə bacarmayıb - 2:4. 

Təsəlliverici görüşdə Katriel Murieli (Argentina) vaxtından əvvəl məğlub edən (10:0) Camaləddin Məhəmmədov (125 kq) bürünc medal döyüşündə Ayal Lazaryovu (Qırğızıstan) sınağa çəkib. Təəssüf ki, təcrübəli ağır çəkili pəhləvanımız da məğlubiyyətdən qaça bilməyib – 0:11.

Beləliklə, milli komandamız günü mükafatsız bitirib.  

Qeyd edək ki, yığmamızın heyətində yunan-Roma güləşçilərimizdən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medala sahib olub. Qadın güləşçilərimizdən isə Elis Manolova (65 kq) 3-cü yeri tutub.