14:01 18-12-2020
news_image
182
FUTBOL

Kyellini və Oblakla eyni fikirdədir - azərbaycanlı jurnalist

FIFA 2020-ci il üçün “The Best” mükafatlarının sahiblərinin adlarını açıqlayıb. 

İlin ən yaxşılarını müəyyənləşdirmək üçün keçirilən sorğuda media nümayəndəsi olaraq Azərbaycanı təmsil edən tanınmış jurnalist Rasim Mövsümzadə seçimləri barədə fikirlərini apasport.az saytı ilə bölüşüb.

O bildirib ki, mayda İspaniyanın nüfuzlu “Marca” nəşri məlum pandemiya səbəbindən futbolda fasilə yaranması və bəzi yarışların təxirə salınmasına görə FIFA-nın 2020-ci il üçün mükafatlarını ləğv etsə də, Beynəlxalq Futbol Federasiyası bu xəbəri rəsmən təsdiqləmədiyindən noyabra kimi sözügedən mövzuda qeyri-müəyyənlik davam edib: “2018-ci ildən FIFA ən yaxşıları sentyabrda açıqlamaq barədə qərar versə də, bu dəfə sorğu ilin sonunda keçirildi. Səsvermədə, ənənəvi olaraq, milli komandaların baş məşqçiləri və kapitanları, həmçinin jurnalistlər və azarkeşlər iştirak ediblər. Məlum olduğu kimi, “Bavariya”nın və Polşa millisinin hücumçusu Robert Levandovski dünyanın 2020-ci ildə ən yaxşı futbolçusu seçilərək “The Best” mükafatına layiq görülüb. Mənim üçün nə qədər gözlənilməz olsa da, Kriştianu Ronaldu 2-ci, Lionel Messi isə 3-cü yeri tutublar. Mənə gəlincə, “Bavariya”nın Çempionlar Liqası başda olmaqla, bütün beynəlxalq və daxili yarışların qalibi olması, “Liverpul”un 1990-cı ildən sonra ilk dəfə İngiltərədə zirvəni fəth etməsi və “Real Madrid”in üç illik aradan sonra İspaniyada çempionluğu qazanmasını 2020-ci ilin ən diqqətçəkən hadisələri kimi nəzərə alaraq, buna uyğun səs vermişəm”.

Mövsümzadə seçiminə aydınlıq da gətirib: “Kişilər arasında ən yaxşı futbolçunu müəyyənləşdirmək üçün keçirilən sorğuda anketimdə 1-ci yerdə Levandovski, 2-ci yerdə Sadio Mane və 3-cü yerdə Serxio Ramosun adını yazmışam. Yekunda Manenin 4-cü yeri tutduğunu da xatırladım. Serxio Ramos isə ilk onluğa daxil olmasa da, ilin rəmzi yığmasında yer alıb. Maraqlıdır ki, münsiflər heyətinin bəzi üzvləri, o cümlədən “Bavariya”nın kamerunlu hücumçusu Erik Şupo-Motinq, “Napoli”nin seneqallı müdafiəçisi Kalidu Kulibali, amerikalı məşqçi Qreqq Berhalter, xorvatiyalı jurnalist və başqaları da mənim kimi səs veriblər. Kişilər arasında ən yaxşı məşqçini müəyyənləşdirmək üçün keçirilən sorğuda isə anketimdə 1-ci yerdə Hans-Dieter Flik, 2-ci yerdə Yürgen Klopp və 3-cü yerdə Zinədin Zidanın adını yazmışam. İki iki məşqçi arasında gərgin mübarizənin getdiyini və xal hesabında bərabərliyin olmasına rəğmən, milli komandaların baş məşqçilərinin daha çox səsini qazanması sayəsində Kloppun qalib elan olunduğunu, “Lids”i çalışdıran Marselo Bielsanın 3-cü, Zidanın isə yekunda 4-cü yeri tutduğunu da bildirim. Yeri gəlmişkən, “Beşiktaş”ın kanadalı yarımmüdafiəçisi Atiba Hatçinson, “Yuventus”un italiyalı müdafiəçisi Corco Kyellini, “Tottenhem”in cənubi koreyalı hücumçusu Son Hın Min, “Atletiko”nun sloveniyalı qapıçısı Yan Oblak, xorvatiyalı məşqçi Zlatko Daliç, uruqvaylı məşqçi Oskar Tabares və bir çoxları da bu sorğuda məhz mənim kimi səs verib”.

O, qapıçı seçimində ilk “üçlüy”ü düz tapdığını, lakin yerləri fərqli qeyd etdiyini vurğulayıb: “Kişilər arasında “Ən yaxşı qapıçı” nominasiyasında qalib “Bavariya”nın qapısını qoruyan Manuel Noyer olsa da, sonrakı yerləri “Liverpul”dan Alisson və “Atletiko”dan Yan Oblak tutublar. Mən də elə bu qapıçılara səs vermişəm, sadəcə öz anketimdə Oblakı 2-ci, Alissonu isə 3-cü yazmışam. Qadınlara gəlincə, İngiltərə millisinin və “Mançester Siti”nin müdafiəçisi Lüsi Bronz ən yaxşı futbolçu seçilib. Anketimdə adını ilk pillədə qeyd etdiyim qadınlar arasında Çempionlar Liqasının ən yaxşı hücumçusu danimarkalı Pernille Harder 2-ci olub. Fransa millisinin və Çempionlar Liqasının qalibi “Lion”un qapıçısı Sara Buhaddi isə çilili Kristiana Endler və amerikalı Alissa Naeheri qabaqlayaraq ən yaxşı qapıçı seçilib. Mən də bu sorğuda elə ilk “üçlük”də qərarlaşan qapıçılara eyni ardıcıllıqla səs vermişəm. Bu il millilər arasında böyük yarışlar keçirilməsə də, Niderland komandasını çalışdıran Sarina Viqman ən yaxşı məşqçi seçilib. Anketimdə birinci yazdığım Çempionlar Liqasının qalibi “Lion”un baş məşqçisi Jan-Lük Vasser yekunda 2-ci yerdə qərarlaşıb”.