23:36 18-12-2020
news_image

Güləşçilərimiz qızıla həsrət qaldı – 2 gümüş, 4 bürünc

Serbiyada güləş üzrə Fərdi Dünya Kubokuna yekun vurulub.

Apasport.az saytının məlumatına görə, yarışın sonuncu – yeddinci günündə sərbəst güləşçilər 5 dəst mükafatın sahibini müəyyənləşdiriblər.  

Azərbaycan millisinin 4 güləşçisi həlledici görüşə çıxıb. Onlardan Rəşad Yusifli (79 kq) təsəlliverici qarşılaşmada məğlubiyyətə üzülüb. 

Finalda qüvvəsini sınayan Əhmədnəbi Qvarzatilov (61 kq) da qələbə qazana bilməyib. Abashacı Məhəmmədovla (Rusiya) üz-üzə gələn pəhləvan 1:5 hesabı ilə uduzub və gümüş medalla kifayətlənib. 

97  kq çəki dərəcəsində yarışan Şamil Zubairov isə mükafatın bir addımlığında büdrəyib. O, bürünc medal görüşündə Ahmed Batayevlə (Bolqarıstan) bacarmayıb - 1:8.

Bir gün öncə yarımfinalda uduzan Hacı Əliyev (65 kq) bürünc medal üçün fransalı İlman Muxtarovla qarşılaşıb və inamlı qələbəylə yarışı 3-cü pillədə başa vurub.

Beləliklə, komandamız Fərdi Dünya Kubokunu qızıl medalsız başa vurub. Yığmamızın qazancı 2 gümüş və 4 bürünc medal olub. 

Qeyd edək ki, yığmamızın heyətində daha öncə yunan-Roma güləşçilərimizdən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medala sahib olub. Qadın güləşçilərimizdən isə Elis Manolova (65 kq) 3-cü yeri tutub.