18:06 20-12-2020
news_image
85
FUTBOL

“Komandam “Qarabağ”la layiqli mübarizə aparmaq gücündədir” - Elmar Baxşıyev

“Çempionatın liderinə qarşı oynayırdıq. “Qarabağ”ın gücü hamıya məlumdur. Balanslaşmış heyətə malik güclü kollektivdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XII turunda “Qarabağ”la 1:1 hesablı bərabərə qaldıqları oyun barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Çətin olacağını bilirdik. Çempionatda fasilə olduğu müddətdə məşqlərimizi dayandırmamışdıq. Hazırlıqlarda hiss olunurdu ki, komanda tonusdadır və “Qarabağ”la layiqli mübarizə aparmaq gücündədir. Futbolçular bunu meydanda nümayiş etdirdilər. Məşqdə onlardan nə istəyirdiksə, meydanda da onu gördük. Futbolçular əzmkarlıq göstərərək bir xal qazandılar”.

Baxşıyev ikinci sarı vərəqəyə görə meydandan kənarlaşdırılan Rövlan Muradovun cəzalanması və qolun müəllifi Rafael Utriqin əvəzlənməsi barədə fikirlərini də açıqlayıb: “Muradov hücumameylli oyunçudur. Cəld olması və epizodlarda iştirakına görə simulyasiya edir. Rövlanla da söhbətimiz olacaq. Artıq mövsümdə 7-ci sarı vərəqəsini aldı. Düşünürəm ki, hücumameylli futbolçu üçün çoxdur. Bir az emosiyalarını cilovlayıb daha təmkinli olmalıdır. Komandanı ilk gündən hücumda qurmuşuq. “Qarabağ”a qarşı dominant futbol oynamaq istəsən də, hərdən alınacaq, hərdən yox. Hiss etdik ki, Ülvi İsgəndərovun meydana çıxmağına ehtiyac var. Rafael Utriq yorulmuşdu. Hücuma bir futbolçu atdıq. Çünki “Qarabağ”ın müdafiəçilərinin də hücuma qoşulmasını istəmirdik”.

Qeyd edək ki, “Qəbələ” XIII tur çərçivəsində dekabrın 24-də “Səbail”in qonağı olacaq.