20:13 20-12-2020
news_image
168
FUTBOL

“Çətin vəziyyətdəyik” – Samir Abasov

“Məqsədimiz bu heyətlə ağıllı oynamaq, maksimum az qaçıb, rəqibi çox qaçırtmaq idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XII turunda “Sabah”la keçirilən oyun barədə danışarkən deyib.

Səfər matçında 2:0 hesablı qələbə qazanan “ağ-qaralar” turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. Oyunsonrası mətbuat konfransında Abasov zirvəni ələ keçirdikləri üçün sevincli olduğunu gizlətməyib: “Rəqibi təhlil etməmişdik. Çünki təkcə oyunumuzla yox, bədənimizlə, xarakterimizlə, ruhumuzla mübarizə aparmaq məcburiyyətindəydik. Düşünürəm ki, get-gedə daha yaxşı oynayırıq. Düzdür, bəzən lazımsız yerə top itirirdik ki, nəticədə fiziki olaraq bunun əziyyətini çəkirdik. Əvvəlki görüşlərlə müqayisədə bu gün çox qol epizodu yaratdıq və 2:0 hesabı ilə qalib gəldik. Çətin vəziyyətdəyik. Özüm də daxil olmaqla pandemiyadan yenicə sağalmış futbolçularla birlikdə çox əziyyət çəkirik. Məsələn, pandemiyadan sağalan Fəhmin Muradbəyli çıxdığı ilk məşqdə pis vəziyyətə düşdü. Bu gün bütün futbolçularımız öz ağıllarını, oyun keyfiyyətlərini ortaya qoymağı bacardılar. Buna görə onlara çox minnətdaram”.

Çalışdırıcı ön xətdə problem yaşamadıqlarını söyləyib. O, komandada çatışmazlıqları aradan qaldırmağa çalışdıqlarını əlavə edib: “Hücumda problemimizin olduğunu hesab etmirəm. Komandadakı problemləri görürük və yavaş-yavaş aradan qaldırmağa çalışırıq. Məsələ təkcə hücumçu ilə bağlı deyil, komanda üzvlərinin hücum zamanı hərəkəti ilə bağlıdır. Bu gün bunun yaxşı tərəfləri çox idi. Hücumda xeyli sayda futbolçumuz iştirak edirdi. Sırf hücumçu mövqeyinə gəlincə, rəhbərliklə transfer haqda danışmamışıq. Bu haqda düşünməmişəm”.

42 yaşlı baş məşqçi qış fasiləsində yeni transferə ehtiyac duymur: "Heç bir mövqeyə yeni oyunçu istəmirik. Hazırkı futbolçular məni razı salır. Digər rəqiblərin xal itirməsindən xəbərdar idik. Liderliyə yüksəldiyimizə görə paltardəyişmə otağında çox sevindik. Növbəti matçda qalib gəlib qış fasiləsinə lider kimi yollanmaq istəyirik”.

O, hücumçu Yusuf Lavalın zədələnməsinə də aydınlıq gətirib: “Yusuf Lavalın zədəsi ilk baxışdan ciddi görünür. Amma ümid edirik ki, həkim müayinəsindən sonra ciddi olmadığı üzə çıxacaq. Fiziki hazırlıq üzrə məşqçinin göndərilməsinə gəlincə, deməzdim ki, məni qane etmirdi. Sadəcə, fikirlərimiz uyğun gəlmirdi. Mario Kastelyanonun özü ilə də danışdım, insanlığına, peşəkarlığına görə təşəkkür etdim”.

Qeyd edək ki, “Neftçi” XIII tur çərçivəsində dekabrın 24-də “Keşlə”ni qəbul edəcək.