09:38 21-12-2020
news_image
151
FUTBOL

“Qızın üç adaxlısı”

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün qış çempionu ilin son turunda müəyyənləşəcək.

Apasport.az saytının məlumatına görə, dekabrın 20-də baş tutan XII turun oyunlarından sonra 2020-ci ili zirvədə bitirməyə üç namizəd qalıb.

“Zirə” ilə qarşılaşmada qələbəni əldən verən (2:2) “Sumqayıt” qış fasiləsinə 1-ci yollanmaq üçün nəzəri şanslarını itirib. Hesabında 16 xal olan Ayxan Abbasovun yetirmələri ilk “üçlük”dən 4 xal geri qalır.

Bu isə o deməkdir ki, qış çempionu adına “Neftçi”, “Qarabağ” və “Zirə” iddia edir. Hərəyə 20 xalı olan sonuncu iki komanda dekabrın 24-dəki ilin son turunda üz-üzə gələcək. Onları bir xal qabaqlayan “ağ-qaralar” isə evdə “Keşlə”ylə görüşəcək.

Qış çempionluğu öz əlində
Fasiləyə zirvədə yollanmaq üçün ən şanslı “Neftçi”dir. Samir Abasovun yetirmələrinin taleyi öz əlindədir. “Keşlə” üzərində qələbə ölkənin ən titullu klubunu qış çempionu edəcək. “Ağ-qaralar”a heç-heçə də kifayət edə bilər. Bunun üçün digər qarşılaşmada da bərabərlik qeydə alınmalıdır.

Qalib ol, “Keşlə”yə ümid et
“Qarabağ” qış çempionu olmaq üçün mütləq qalib gəlməli və “Neftçi”nin istənilən xal itkisinə ümid etməlidir. Qurban Qurbanovun yetirmələri xal hesabını 23-ə çatdırsa, bakılıların büdrəməsi sayəsində zirvəni qaytaracaq. “Zirə” ilə görüşdəki xal itkisi ağdamlıların istəyini gözündə qoyacaq.

Diqqət paytaxt derbisinə
“Zirə” də “Keşlə”nin “Neftçi”ni büdrətməsinə ümid etməlidir. Rəşad Sadıqovun yetirmələri “Qarabağ”a qalib gəlsə, “ağ-qaralar”ın paytaxt derbisindəki xal itkisi sayəsində 1-ci yerdə fasiləyə yollanacaq. Amma qəsəbə klubu heç-heçə ilə də zirvədə yer ala bilər. Bunun üçün “Neftçi” uduzmalıdır. Belə olan halda hər üç komandanın 21 xalı olur. Üç şərik arasında şəxsi oyunlarda “Zirə” öndə qərarlaşıb. Sadıqovun komandası iki əsas rəqibindən artıq 5 xal alıb və ilin son görüşündəki heç-heçə bu rəqəmi 6-ya çatdıracaq. “Qarabağ” isə bir xal geridə olacaq. “Neftçi” isə izləyicilərindən 4 xal qopara bilib.