11:12 21-12-2020
news_image
235
FUTBOL

Bizim “Maquayr”

CİES futbol observatoriyası İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Harri Maquayrı 2020-ci ildə meydanda ən çox vaxt keçirdiyini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, analoji göstəricidə Azərbaycanın rekordçusu da bəlli olub.

Təəssüf ki, oyunların çoxluğundan şikayətlənən, sıx təqvimdən ehtiyatlanan klublarımız bu göstəricidə dünya futbolundan çox-çox geridə qalır. Həftəsonu keçiriləcək görüşlərin nəzərə alınmadığı hesabatın lideri olan Maquayr il ərzində 53 matçda 4745 dəqiqə oynayıb. 

Azərbaycanda isə bunun yarısı belə böyük nailiyyət hesab olunur. Bunun əsas səbəbi isə klubların çox oynamaq istəməməyi, tez yorulmağı bəhanə gətirməsidir.

Təsəvvür edin ki, Azərbaycanda rekordçu 2020-ci ildə maksimum 37 oyun keçirə bilərdi. Bu da yalnız çempion üçün mümkün idi. Ötən mövsüm Premyer Liqanın son 6 və cari çempionatın 13 turundan başqa avrokubokda maksimum 11 oyun. Söhbət Çempionlar Liqasının iki matçdan ibarət pley-offunda oynamaq şərtilə qrupa düşməkdən gedir. Bir sözlə, çempion ən yaxşı halda 30, Avropa Liqasındakı təmsilçilərimiz 29  görüş keçirmək imkanına malik idi. Amma yalnız “Qarabağ” qrupa düşə bildir.

Ağdamlılar Çempionlar Liqasının pley-offunda oynamadı, Avropa Liqasında qrupun “Vilyarreal”la son matçına getmədi və avrokubokları 9 keçirilən oyunla tamamladı. Premyer Liqada “Səbail”lə qarşılaşması təxirə salınan çempion hələ son turun görüşünü gözləyir. Bir sözlə, oyun sayında rekordçu olan klub – “Qarabağ” il ərzində 26 dəfə meydana çıxıb.

Təbii ki, Azərbaycanın “Maquayr”ı da bu komandada olmalıdır. Həmin futbolçu ən çoxu klubda 26, yığmada 7 oyunda forma geyinə bilərdi.

Qara Qarayev il ərzində hamıdan çox 2444 dəqiqə meydanda olub. O, 30  oyun keçirib.

2114 dəqiqə şans qazanan Bədavi Hüseynov ikinci sıradadır. Müdafiəçinin aktivində 25 matç var.

İlk “üçlüy”ü Abdullah Zubir qapayır – 1869 dəqiqə. İsmayıl İbrahimli 1844 , Maksim Medvedev 1838 dəqiqə ilə “Top-5”də yer alıb.