12:42 21-12-2020
news_image
188
FUTBOL

Şahrudini ən yaxşı seçib, rəmzi “11-liy”i açıqladı – “Səbail”in futbolçusu

Apasport.az saytının Azərbaycanda 2020-ci ilin ən yaxşı futbolçusu sorğusu davam edir.

Bu dəfə “Səbail” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov ən yaxşı saydığı oyunçunun adını açıqlayıb.

“Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov və “Keşlə”nin vingeri Vüsal İsgəndərlidən sonra millinin sabiq üzvü də “Qarabağ”ın qolkiperi Şahrudin Məhəmmədəliyevi fərqləndirib. 32 yaşlı sağ cinah oyunçusu seçimini belə əsaslandırıb: “Məncə, 2020-ci ilin ən yaxşı futbolçusu Şahrudindir. Çünki il ərzində həm yığmada, həm də klubu “Qarabağ”da uğurlu oyunlar sərgilədi. Demək olar ki, hər matçda qurtarışları ilə komandasına fayda verdi”.

İsmayılov həmçinin ilin rəmzi komandasını da açıqlayıb. O, 4-3-3 sisteminə uyğun qurduğu simvolik “11-lik”də komandası “Səbail”dən 3 futbolçu seçib.

Qapıçı: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”)
Müdafiəçilər: Bədavi Hüseynov, Maksim Medvedev (hər ikisi “Qarabağ”), Ürfan Abbasov (“Səbail”), Azər Salahlı (“Keşlə”)
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (“Səbail”), Filip Ozobiç, Abdullah Zubir (hər ikisi “Qarabağ”)
Hücumçular: Namiq Ələsgərov (“Neftçi”), Ağabala Ramazanov (“Zirə”), Rauf Əliyev (“Səbail”).