13:50 21-12-2020
news_image
158
FUTBOL

“Yığma meydana 8 müdafiəçi ilə çıxırdı” – Asif Məmmədov

“Millimizin dünya çempionatının seçmə mərhələsində qrupdan çıxmaq şansı real deyil”.

Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov Azərbaycan yığmasının DÇ-2022-nin seçmə mərhələsindəki şansları barədə danışarkən deyib.

Yığmanın geridə qalan Millətlər Liqasındakı çıxışını dəyərləndirən 34 yaşlı futbolçu uğurlu perspektiv görmədiyini etiraf edib. Onun fikrincə, baş məşqçi Canni de Byazi müdafiəyəmeyilli oyunçulara çox üstünlük verir: “Yalandan deyə bilmərəm ki, yığma qrup səddini aşacaq gücdədir. Ən azı Millətlər Liqasındakı oyunlar belə fikir formalaşdırmağa vadar edir. Əksər matçlar heç-heçə nəticələndi və yığmanın ifasında baxımlı oyun da izləmədik. Hücum futbolu sərgilənmirdi, yığma meydana 8 müdafiəçi ilə çıxırdı. Şəxsən mən fikirləşirəm ki, müdafiəyəmeyilli yox, normal heyətlə çıxış etsəydik, bəlkə də, nəticə qazanardıq. Hücumda yalnız Mahir Emreli ilə Ramil Şeydayev olurdu. Hücumameyilli futbolçu çox az idi”.

Asif Məmmədov Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupunda sonuncu yeri tutmamağın uğur olacağını düşünür: “Yığmamız çox ağır qrupda yer alıb. Düzdür, futbolda hər şey mümkündür. Amma reallığa əsasən onu deyə bilərəm ki, sonuncu yeri tutmasaq, yaxşı olar”.

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsi 2021-ci ilin martında start götürəcək.