09:56 23-12-2020
news_image
281
FUTBOL

“Mənim üçün Azərbaycan millisi ilə irəliyə doğru atılan böyük hədəflər var” - Canni de Byazi

“Beynəlxalq arenada qol vurmaq çox çətindir. Əgər sizdə Ronaldo yoxdursa, qol vurmağınız çətindir".

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İrlandiyanın “İndependent” nəşrinə müsahibəsində DÇ-2022-nin seçmə mərhələsində eyni qrupda yer alan həm yığmamızın, həm də İrlandiyanın son matçlarda qol vura bilməməsi barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis futbolçularımızın qol vurmaqda sıxıntı yaşadığını etiraf etsə də, komanda şəklində performansından razılıq bildirib: “Hansısa beynəlxalq oyun üçün bir araya gəldiyimiz zaman hazırlaşmaq üçün klubdakı qədər vaxtımız olmur. Mənim üçün Azərbaycan millisi ilə irəliyə doğru atılan böyük hədəflər var. Qol buraxmamağımız çox vacibdir. İndi komandamızda balans var. Böyük hücumçularımız yoxdur, bu da bir problemdir. Ancaq yaxşı təşkilatlanırıq”.

De Byazi irlandların Millətlər Liqasının qrup mərhələsində Uelsə 0:1 hesabı ilə məğlub olduğu qarşılaşma barədə də fikirlərini bölüşüb: “Stefan Kenni yığmasında fəaliyyətə məndən dörd ay əvvəl başladı, bir az çox vaxt keçirdi. Amma bu elə də çox deyil. Uelsə qarşı yaxşı oynasalar da, uğursuz bir anda qol buraxdılar. Uelsə uduzsalar da, rəqibdən yaxşı oynadılar. İrlandiyanın oyun üslubunu bəyənirəm. Qələbə qazanmaq üçün çox imkanları oldu. Sadəcə, son ötürmələrdə dəqiqlik çatmırdı. İstənilən halda bu komandanın oyun stilini qiymətləndirirəm. İrlandların İngiltərədə uğurlu çıxış edən futbolçuları var. Məsələn, ikinci qapıçıları “Liverpul”da oynayır. Amma Azərbaycanda belə deyil. “Liverpul” kimi klubda 22 yaşlı qapıçın varsa, ölkən üçün çox yaxşı haldır. İrlandiyanın yeni çalışdırıcı ilə yeni yolda olduğunu bilirəm. Millətlər Liqasındakı son üç oyununuzu və Avro-2020-nin seçmə mərhələ matçlarınızı izlədim. İngiltərə ilə görüşü izlədim, yaxşı komandanız var”.

Portuqaliyanı qrupun favoriti hesab edən 64 yaşlı mütəxəssisin fikrincə, ikinci yer uğrunda əsas rəqiblər İrlandiya ilə Serbiya olacaq: “Portuqaliya, Serbiya və İrlandiya bizim üçün çox güclü üç komandadır. Seçmə mərhələdəki xəyallarımızı gerçəkləşdirməyimiz çox çətin olacaq. Unutmayaq ki, 5-ci səbətdən gəlmişik. Portuqaliya digərlərindən fərqli keyfiyyətdədir. Onlar yalnız Ronaldodan ibarət deyil, Avropanın böyük liqalarında mübarizə aparan oyunçuları var. Buna görə İrlandiya ikinci yer üçün Serbiyanı məğlub etməli olacaq. İrlandiya və Serbiya arasında ikinci yer uğrunda yarış olacaq”.

AFFA-nın baş məşqçi axtarışı zamanı digər namizədlərdən olan Roy Kinlə bağlı fikirlərini də bölüşən de Byazi həmçinin Azərbaycanda yaşadığını vurğulayıb: “Roy Kin əla, möhtəşəm oyunçu idi. Buna görə özümü onunla müqayisə etməyəcəyəm. Azərbaycana gəlmək və burada yaşamaq mənim üçün vacib idi. Yaxşı insanlardır, bura gələn əcnəbilərə qarşı çox mehribandırlar. Biz Xəzər dənizinin yanındayıq, çox gözəl şəhər və stadionumuz var”.

Millimizin baş məşqçisi ən böyük problemin azərbaycanlı futbolçuların legioner həyatı yaşamamalarını hesab edir: “İrlandiyalı futbolçular İngiltərədə, güclü liqalarda oynayırlar. Mənim oyunçularımın isə hamısı Azərbaycanda çıxış edir. Təbii ki, İngiltərə çempionatları ilə müqayisədə daha aşağı səviyyədədir. Texniki səviyyə qaydasındadır, amma çatışmayan rəqabət səviyyəsidir. Oynamaq üçün ölkədən kənara çıxdığımız zaman böyük problem yaşayırıq”.

De Byazi sonda Albaniya yığmasındakı uğuru Azərbaycanla təkrarlamağı arzuladığını gizlətməyib: “Albaniya yığmasında olduğum zaman çox az adam Fransaya, Avropa çempionatına gedə biləcəyimizi düşünürdü. Orada da indiki olduğum mövqedə başlamışdım. Mümkünsüz bir şey yoxdur. Möhtəşəm bir şey haqda xəyal qura bilərsən. Bunu Albaniya ilə bacardıq, bütün oyunlarda qalib gəlməyə çalışdıq. Hər zaman qələbə qazanmaq asan deyil. 5-ci səbətdən çıxan komanda üçün seçmə mərhələni keçmək çətindir”.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq.