11:42 23-12-2020
news_image
253
FUTBOL

Tərlan Quliyev: “Əcnəbilərlə bağlı problem bizə çətinliklər yaratdı” - MÜSAHİBƏ

“Keşlə” klubunun kapitanı Tərlan Quliyevin apasport.az saytına müsahibəsi

- Premyer Liqanın XII turunda öz meydanınızda “Səbail”ə 0:2 hesabı ilə məğlub oldunuz. Autsayderə uduzmaq nədən qaynaqlandı?
- Əslində oyuna çox yaxşı hazırlaşmışdıq. Kollektivdə ab-hava da yüksək səviyyədə idi. Sadəcə, birinci hissədə səhvlərdən iki qol buraxdıq. Ondan sonra nə qədər şanslarımız olsa da, yararlana bilmədik. “Səbail”in bizi rahatlıqla udduğunu heç kim deyə bilməz. Futbolda belə hallar olur.

- İki erkən qol matçın müqəddəratını həll etdi. Oyuna niyə uğurlu qoşula bilmədiniz?
- Bəli, mübarizəyə istədiyimiz kimi başlaya bilmədik. Birinci hissədə topa nəzarət etməyi və rəqibin səhvlərindən yararlanmağı planlaşdırmışdıq. Amma ilk 20 dəqiqədə bunun əksi yaşandı. Həmin ərəfədə “Səbail”in iki imkanı oldu, istifadə etdi.

- Baş məşqçiniz Yunis Hüseynov koronavirusa yoluxduğu üçün texniki zonadakı yerini almamışdı. Onun yoxluğunun yenilgidə rolu oldumu?
- Elə güclü bir problem yox idi. Yunis müəllimlə əlaqə saxlayırıq, səhhəti ilə maraqlanırıq. Zaur İsmayılov da problemli bir məşqçi deyil. Heyətlə bağlı ciddi bir dəyişiklik də yox idi.

- Son üç oyunda cəmi 1 xal qazanmısınız. Problem nədədir?
- Mövsümün gedişində 3 əcnəbi futbolçumuz ayrıldı. Oynayan futbolçular idi, mütləq təsiri olmalı idi. Nə problemləri olub, bilmirəm. Amma komandaya mənfi təsiri oldu. Üstəlik, nəzərə alaq ki, koronavirusa görə heç cür tam heyətlə hazırlaşa bilmirdik. Belə bir vaxtda 3 oyunçunun da ayrılması ikiqat zərbə oldu. “Neftçi”də, “Qarabağ”da oynamışam. Onların heyətlə bağlı problemi olmayıb, hətta “Neftçi”də 30 futbolçu var idi. Amma “Keşlə”də eyni vəziyyət deyil. 

- Komandadan ayrılan həmin əcnəbilər 3 aydır maaşların verilməməsindən şikayətləndilər. “Keşlə”də maliyyə problemi var?
- Maliyyə problemi deyəndə, maaşda 1-2 aylıq gecikmə olub. Amma rəhbərlikdən heç kim yaxasını kənara çəkməyib. Gəlirlər, söhbət edirlər, nə vaxt ödəniş ediləcəyini deyirlər. Yəni komanda başlı-başına qalmayıb, rəhbərlik bu barədə bizi müntəzəm məlumatlandırır, problemin nədən qaynaqlandığını deyir. Yalnız noyabrın maaşını almamışıq, onun da üzümüzə gələn günlərdə ödəniləcəyi bildirilib.

- Adətən maliyyə problemi olanda futbolçular məşqlərə, oyunlara həvəssiz yanaşırlar. Həmin əcnəbilərin müqavilələrinə xitam verilməsində bu amilin rolu oldumu?
- Ayrılan əcnəbilərlə bağlı vəziyyəti, onların müqaviləsindəki bəndləri bilmirəm. Əgər ayrıldıqdan sonra klub barədə mənfi fikir formalaşdırmağa çalışırsansa, bu, yaxşı hal deyil. Söz var idisə, burada olanda deməli idin. Kənardan deyilənlər heç nəyi dəyişmir. Biz də başa düşürük ki, hamının problemi var, ailə saxlayırlar. 

- Ötən mövsümün üçüncüsü olan “Keşlə” hazırda 6-cı pillədə qərarlaşıb və autsayderdən cəmi 3 xal öndədir. Bu enişin səbəbi nədir?
- Elə sadaladığım amil. İlk 3 oyunda 5 xal toplamışdıq, oyunlarımız pis alınmırdı. Amma həmin əcnəbilərlə bağlı problem bizə çətinliklər yaratdı. Elə futbolçu var ki, rəhbərliyə sözünü deyə bilmir, amma məşqlərə məsuliyyətsiz yanaşır. Ya məşq eləmə, ya da meydana çıxmısansa, bütün gücünlə çalış. Rəhbərliyə söz deyə bilmirsənsə, dərdini bizimlə bölüş. Bir yerdə gedib rəhbərliklə danışaq və ya öz aramızda nəsə çıxış yolu axtaraq. Axı məşqə ciddi yanaşmayanda, oyuna da hazır olmursan və belədə təkcə rəhbərliyi deyil, komanda yoldaşlarını da pis vəziyyətdə qoyursan. Axı hər gün kimin necə məşq etdiyini görürük. Məşqdə öz bildiyini edəndə əlbəttə ki, problem yaranacaq. Digər futbolçularımız 2 ay maaş almasalar da, məşqdə canlarını qoyurlar. Bütün bu problemlər qeyri-stabil nəticələrə yol açdı. Xırda problemlər üst-üstə gəlib, böyüyür.

- İlin son matçında – XIII tur çərçivəsində dekabrın 24-də “Neftçi” ilə qarşılaşacaqsınız. Komandanın hazırkı durumunu və rəqibin də liderliyə yüksəldiyini nəzərə alsaq, xal almaq şansınız nə qədərdir?
- Çətin vəziyyətdə olduğumuz bir vaxtda belə rəqiblə qarşılaşmaq işimizi daha da qəlizləşdirir. Ancaq bu bizim işimizdir. Heyətdə problem ola bilər. İstənilən halda meydana çıxıb, vuruşmaq lazımdır. Əlimizdə olan heyət budur, qəbul edib, mübarizə aparmalıyıq.

- Görünür, “Keşlə”nin qış fasiləsində çox güclənməyə ehtiyacı var...
- Bəli, komandanın güclənəcəyi deyilib. Mütləq əlavə futbolçular lazımdır. Avropa Liqasına düşmək istəyən komanda üçün bu heyət çox kasaddır.

- Koronavirusa yoluxanlar arasında siz də var idiniz. Həmin günləri necə keçirdiniz?
- Hər matçdan iki gün əvvəl test veririk. Testin cavabı neqativ çıxıqdan üç gün sonra hərarətim qalxdı, iki gün qızdırmam düşmədi. Növbəti testdə də məlum oldu ki, komandanın 10 üzvündə koronavirus var. Şükürlər olsun ki, bu dönəmi rahat keçirdim. Hərədə bir cür özünü büruzə verir. Məndə yalnız dad və iy bilmə itmişdi. İki-üç gündür özümü çox yaxşı hiss edirəm.

- Sağaldıqdan sonra ilk məşq ağır olmadı?
- Çox ağır keçdi. Təsəvvür edin, 14 gün evdən çıxmaq olmaz. Ailən, uşağın var, özünü təcrid eləməlisən. Koronavirusdan sağalanlar beş gün məşq etdikdən sonra “Səbail”lə oyuna çıxdıq. Şəxsən mənə çox ağır gəlirdi. İstər-istəməz oyuna hazır deyildik. Artıq 60-cı dəqiqədən sonra hiss edirdim ki, getmir, orqanizm sözümə qulaq asmır. Bütün xəstələrə şəfa diləyirəm, koronavirus tam fərqli bir şeydir. İnşallah, bu bəla tezliklə yox olar.

Ruslan Sadıqov