13:44 23-12-2020
news_image
221
FUTBOL

UEFA lisenziyası üçün müraciət edən klublarımız bəlli oldu – qrup rəhbəri açıqladı

“Lisenziyalaşdırma prosesinin aktiv fazası 2021-ci il yanvarın ortalarından başlanacaq”.

Bunu apasport.az saytına AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev deyib.

AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında sabah baş tutacaq iclasında 2021/22 mövsümündə UEFA klub yarışları və Azərbaycan Premyer Liqasında iştirak üçün klubların Lisenziyalaşdırma Qaydalarının təsdiqi müzakirə olunacaq.

Məsələ ilə bağlı fikrini bildirən Hacıyev hazırkı durumla bağlı məlumat verib. O, Premyer Liqa iştirakçılarının hamısının avrokuboklar üçün müraciət etdiyini söyləyib: “Oktyabrın 30-da AFFA Lisenziyalaşdırma Qrupu tərəfindən 2021-22 Lisenziyalaşdırma mövsümünün “açılış iclası” keçirilib. Həmin iclasdan sonra 7 gün ərzində Premyer Liqa və 1-ci Divizion klubları lisenziyalaşdırma prosesində iştirakla bağlı müraciət göndərməli idilər. Yüksək liqa təmsilçilərinin hamısı UEFA Lisenziyasını əldə etməklə bağlı müvafiq ərizələri vaxtında göndərib. Həmçinin 1-ci Divizionun bir neçə klubu Premyer Liqa Lisenziyasını əldə etməklə bağlı müvafiq ərizələri Lisenziyalaşdırma Qrupuna təqdim edib”.

Lisenziyalaşdırma Qrupunun rəhbəri tələb olunan sənədlərin gələn aydan toplanacağını əlavə edib: “Lisenziyalaşdırma prosesinin aktiv fazası hələ başlamadığından, klublar tərəfindən hansısa sənəd təqdim olunmayıb. Bu səbəbdən kimin sənədində nə kimi problemin olması məsələsi indi aktual deyil. Bu ana qədər yeganə tələb 7 gün ərzində iştirakla bağlı ərizə vermək idi, o da vaxtında təqdim olunub. Müxtəlif meyarlara görə digər sənədlər gələn ilin yanvarından toplanmağa başlanacaq”.