09:06 04-08-2008
news_image
493
DİGƏR NÖVLƏR

Ağacan Abıyev: “Pekin Olimpiadasında hər iki boksçumuzdan medal gözləyirəm”

- Azərbaycanın 9 boksçu ilə təmsil olunduğu 2004-cü il Afina Yay Olimpiya Oyunları ilə müqayisədə Pekinə cəmi 2 dəri əlcək sahibi yollanacaq. Kəmiyyətin xeyli azalması fonunda keyfiyyətin daha yüksək ola biləcəyinə inanırsınızmı?
- Deyərdim ki, ilin əvvəli ilə müqayisədə indi boksçularımızın çıxışlarında
keyfiyyətcə yüksəliş, davranışlarında irəliləyiş müşahidə olunur. Bu isə həm Samir Məmmədov, həm də Şahin İmranovun simasında iki ən güclü boksçumuzun Pekin Olimpiadasına medal uğrunda mübarizə aparmağa yollandığını söyləməyə əsas verir. Mən hər iki boksçudan medal gözləyirəm. Onlar artıq nüfuzlu beynəlxalq yarışlarda çıxışları ilə Olimpiya medalına layiq olduqlarını nümayiş etdiriblər. Xüsusən, Məmmədov bu il baş tutan yarışlarda Olimpiada və dünya çempionatlarının mükafatçılarına qalib gəlib. Boksçularımız Olimpiadaya ciddi hazırlaşıblar. Onlar təlim-məşq toplantılarında da özlərini yaxşı tərəfdən göstəriblər. Əlbəttə, Pekinə 5-6 idmançımız yollansaydı, medal qazanacağımıza dair ümidlərimiz daha çox olardı. Xüsusən, Elçin Əlizadənin Olimpiadaya gedə bilməməsinə təəssüflənirəm. Əlizadə də olsaydı, Məmmədov və İmranovla yanaşı, Pekində layiqli çıxış edə bilərdi. Amma eybi yox. Hesab edirəm ki, 2 dəri əlcək ustası da Azərbaycan boksunun adını layiqincə təmsil edəcək, özlərini yüksək səviyyəli boksçular kimi göstərəcəklər.
- Boksçularımızın Afina Olimpiadasından 2 bürünc medalla qayıtdığını nəzərə alsaq, Pekində keyfiyyətin yüksələcəyini dedikdə, hər 2 təmsilçimizin daha yüksək əyarlı medal qazanacağınamı işarə vurursunuz?
- Xeyr. Hesab edirəm ki, biz əyarı yüksək olan bir medal da qazansaq, bu, Azərbaycan boksu adına pis olmaz. Fikrimcə, həm Samir, həm də Şahinin nəinki bürünc, hətta daha yüksək əyarlı medala sahib çıxmağa həm bacarıqları, həm də şansları var. Yəni Məmmədov 51 kq, İmranov isə 57 kq çəki dərəcələrində yüksək səviyyədə çıxış edə bilərlər.
- Lisenziyaların sayının bu qədər azalmasına səbəb nə oldu?
- Bu haqda artıq dəfələrlə mətbuatda danışılıb…
- Mətbuatda irəli sürülən mülahizələrdən biri də Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) rəhbərliyində edilən dəyişiklikdən sonra yeni idarə heyəti ilə münasibətlərinizin qaydasında olmaması ilə bağlıdır…
- Bilirsiniz, mənim AİBA-nın hazırkı rəhbərliyi ilə münasibətim heç də əvvəlkindən zəif deyil. Yeni rəhbərliyin təşkil etdiyi ilk mötəbər yarış ABŞ-ın Çikaqo şəhərində keçirilən 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı oldu. Əvvəla, onlar tərəfindən mənə yaxşı münasibət olmasaydı, dünya çempionatına AİBA-nın hesabına yollanmaz, münsiflər heyəti arasında xüsusi formada oturmaz, hakimlik etməz, ümumiyyətlə rinqin ətrafına buraxılmazdım. İkincisi, yeni yaradılan Avropa Boks Konfederasiyası İcraiyyə Komitəsinin 24 üzvündən 5-i həm də qurumun büro üzvüdür. Həmin büro üzvlərindən biri də mənəm. Bundan başqa yeni rəhbərliyin dövründə mən Avropa Hakimlər Komitəsinin sədri seçilmişəm. Nəhayət, mən Pekin Olimpiadasına Azərbaycan nümayəndə heyətinin üzvü kimi yox, AİBA tərəfindən akkreditə olunmuşam. Çin paytaxtına AİBA-nın rəsmi nümayəndəsi kimi gedirəm və boks yarışları zamanı münsiflər heyətinin üzvü olacağam. Olimpiadaya beynəlxalq federasiyanın hesabına yollanıram. Pekində AİBA-nın Hakimlər Komitəsinin üzvləri ilə eyni mehmanxanada qalacağam. Halbuki, AİBA İcraiyyə Komitəsinin bir çox üzvünün adları Olimpiya Oyunlarına yollananlar siyahısına düşməyib. Mənə bundan artıq nə münasibət olmalıdır ki? 2007-ci ildə yeniyetmələr arasında dünya çempionatının təşkilatçılıq hüququnu Bakıya verdilər. Bu ilin noyabrında boks üzrə hərbçilər arasında dünya çempionatı paytaxtımızda təşkil olunacaq. Özü də bizim xahişimizlə 21 – 30 noyabra təyin ediblər ki, Avropa çempionatından kənarda qalmayaq. Digər tərəfdən, məni 19 – 27 sentyabrda Rusiyanın Kazan şəhərində keçiriləcək tələbələrin dünya çempionatının baş hakimi seçiblər. AİBA ilə sıx əlaqəmiz var. Müəyyən məsələlərdə elektron poçt vasitəsilə mənim də mövqeyimi öyrənirlər. Onlardan məktubu aldıqdan uzağı yarım saat sonra lazımi cavabı göndərirəm. Buna görə hərdən mənə “Siz doğrudan da professorsunuz” deyirlər. Pekin Olimpiadası çərçivəsində Amerika günü keçiriləcək. ABŞ Boks Federasiyasından mənə məktub gəlib ki, Amerika günündə mən də iştirak edim. İstəyirlər ki, gələn ilin təqvim-planına Azərbaycan və ABŞ boksçuları arasında yoldaşlıq görüşünün salınması haqda məsələni müzakirə edək. Yəni onlar yenidən boksçularımızla döyüşlər keçirmək istəyirlər.
- Elə isə boksçularımızın nəticələrin aşağı düşməsinin səbəbini nədə görürsünüz?
- Yarışlar zamanı buraxılan səhvlərdə. Mən yığma komandanın keçmiş baş məşqçisi Məmməd Eyvazovun boks mütəxəssisi olduğunu inkar etmirəm. İdmançıların hazırlıq prosesində də səhvlərə yol verildiyini deməzdim. Tutaq ki, mən boksçu deyildim. Bir çox digər federasiyaların prezidentləri kimi öz işlərimlə məşğul idim. Kimdən nəticə tələb etməli idim? Əlbəttə, baş məşqçidən. Bildiyiniz kimi, Afina Olimpiadasından sonra yığmada nəsildəyişmə prosesi baş verdi. Yeni gələnlər gedənlərin yerini tutmadılar. Bundan əlavə… Bir neçə gün öncə qəzetdə bir rusiyalı boksçunun müsahibəsini oxudum. O, Olimpiya Oyunlarına görə toyunu təxirə saldığı haqda açıqlama verib. Elə isə, necə olur ki, boks yığmamızın birdən-birə 7 üzvü 2007-ci ildə - Pekin Olimpiadasına lisenziya xarakterli yarışlar öncəsi evlənir? Nə olub, qaça-qaçdır? Məgər qızların hamısı ərə gedəcəkdi, bunlara qız çatmayacaqdı? Mən başa düşə bilmirəm, yığma komandanın 10 üzvündən 7-si evlənir, baş məşqçi bunları görmür? Bilmir ki, subay və ailə başçısı olan idmançı arasında fərq olmalıdır? Evlənən kişinin həyat yoldaşı qarşısında min dənə məsuliyyəti var. Bu məsuliyyətin özü insana psixoloji təsir göstərir. İdmançı məşq etdiyi vaxt düşünür ki, evə getsəm, birdən həyat yoldaşım mənə yaxşı söz deməz. Evə gec gəldiyim üçün narazılıq edər. Əgər 30-35 yaşları olsaydı, onları başa düşmək olardı. Amma… Sanki onları kimsə bilə-bilə hazırladı ki, komandamızı belə yıxsınlar. Deyərdim ki, baş məşqçi də özünü itirmişdi. Məşqçi gərək idmançılarla yatıb-dursun, onların nə ilə nəfəs aldıqlarını bilsin. İdmançı öz toyuna iki gün qalmış mənə gətirib dəvətnamə verir. Olmazdımı ki, bir ay qalmış evlənmək istədikləri haqda mənə xəbər verərdilər, gedib valideynlərini başa salardım, xahiş edərdim ki, qoy Olimpiada qurtarsın, federasiyamızın da fəal iştirakı ilə oğlunuzu evləndirərik. Mən boksçuların valideynlərini razı sala bilərdim. Yoxsa toydan iki gün qabaq mən heç bir tədbir görə bilməzdim. Əks halda, bəy olmasa belə, gəlin məni öldürərdi. Mən özüm 1963-cü ildə SSRİ xalqlarının Spartakiadasına hazırlıqla əlaqədar toyumu altı ay yubatdım. Həmin vaxt 26 yaşım vardı, toyum üçün hər şey hazır idi. Amma mən “Spartakiada qurtarsın, sonra evlənərəm” dedim. İndi baxın: Spartakiada hara, Olimpiada hara? Həm də bəzi boksçularımız üçün Pekin Olimpiadası sonuncu mötəbər yarışdır. Olimpiadaya gedə bilməyənlərin hamısı məsul yarışlara hazırlıq vaxtı evlənənlərdir. İdmançılar evləndikdən sonra özləri də istəmədən nizam-intizam pozuldu. Çünki ailələrindən uzun müddət ayrı qala bilməzdilər. Onlar gərək Olimpiya Oyunları kimi məsuliyyətli yarışa hazırlıq dövründə subay qalaydılar. Əlbəttə, yalnız bu amilin yığmamızın yaxşı nəticələr göstərməsinə mane olduğunu deməzdim. Amma bu da bir səbəbdir.