18:38 24-12-2020
news_image
332
FUTBOL

“Müzakirəli epizodları var” – Rəşad Sadıqovdan narazılıq

“Maraqlı oyun oldu. Çox gərgin matç idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XIII turunda “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.

Paytaxt təmsilçisi ilk hissədə 2 top fərqi ilə önə keçməsinə baxmayaraq, sonda meydanı məğlub tərk edib – 2:3.

Oyunsonrası mətbuat konfransında gənc mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Qələbə qazanmaq istəyirdik, yaxşı müdafiə olunurduq. İki qol da vurduq. "Qarabağ"a qarşı 10 nəfərlə qalmaq çətindir. Qırmızı vərəqədən sonra bir əvəzetməmiz qalmışdı. Görüşün qırılma anı buraxdığımız ikinci qol oldu. Ən azı 1 xala layiq idik. Sonda hesabı bərabərləşdirə bilərdik, amma alınmadı. Oyunlarımız maraqlı və gərgin keçir. Növbəti matçlara hazırlaşacağıq".

Rəşad Sadıqov qələbə üçün hər şey etdiklərini, ancaq ilk qolu buraxdıqdan sonra oyunlarının alınmadığını vurğulayıb: “Rəqibə əvvəldən qol imkanları vermirdik. Qol buraxdıqdan sonra alınmadı. Futbolçular sona qədər mübarizə apardılar. Səhvlər mütləq var, rəqib bizi buna məcbur etdi. Bu gün meydanda ən optimal heyətə malik "Qarabağ" gördüm. Buna tab gətirmək asan deyil. Düşünürəm ki, bir az çalışsaq, daha yaxşı ola bilərik. Qələbə qazanmaq istədiyim üçün bir az aqressiv idim. Hakimin çox epizodlarına reaksiya bildirirdim. Amma mənə görə müzakirəli epizodları var. Dmitriyə ilk epizodda niyə sarı vərəqə verdiyini bilmirəm. Ağabala Ramazanovun da epizodu mübahisəlidir".

Çalışdırıcı qış fasiləsində əcnəbi oyunçuların Bakıda qalacağını əlavə edib: "Komanda bir həftəlik fasiləyə buraxılacaq, yanvarın 2-də toplaşacağıq. Legionerlərlə ölkə xaricinə getməmək barədə söhbət olub. Yoluxma sayı artdığı üçün bu addımı atdıq. Kimsə desə ki, getmək istəyirəm, qarşısını almayacağıq. Mən kiməsə deməmişəm ki, evə getmək olmaz. Mən özüm də uzun müddət bazada qalıram. Belə edəndə futbolçular xəstələnmədi. Bu gün fasiləyə müəyyən səviyyədə gedirik. İki həftədən çox yaxşı hiss etdik. Mən toplanışdan istədiyimi aldım. Komandaya bir həftə istirahət verəcəyəm. Bu günümüzə, qazandığımız xallara şükür edirəm. Amma bununla kifayətlənən insan deyiləm. Qarşımıza məqsəd qoymuşuq ki, daha yaxşı komanda olaq. Yeni futbolçular olacaq. Qışda oyunçu almaq çətindir. İki və ya maksimum üç futbolçu almaq istəyirəm. Planda kiminsə göndərilməsi yoxdur, Rəşad Eyyubov və Kayo Rangellə qarşılıqlı anlaşma əsasında vidalaşdıq. Xristovla da birlikdə fəaliyyət göstərmişəm. Onunla bağlı qərarı mən vermişəm. Sadəcə elə şeylər var ki, onları açıqlamaq istəmirəm. Bu gün bu qərar lazım idi və verdim”.