20:39 24-12-2020
news_image
172
FUTBOL

“Çempion olmaq...” – Samir Abasov söz verdi

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynova Allahdan şəfa diləyirəm. İnşallah, tezliklə işinin başına qayıtsın”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XIII turunda “Keşlə” ilə keçirilən oyun barədə danışarkən deyib.

Rəqibi üzərində 2:1 hesablı qələbə qazanan “ağ-qaralar” qış fasiləsinə lider kimi yollanıb.

Matçdan sonra təşkil edilən mətbuat konfransında Abasovun qalibiyyət şərhi belə olub: “İlk hissədə rəqib çox sıx oynadı və bizə qol epizodları yaratmaqda problem yaşatdı. Bununla belə, ikinci hissədə istəyimizə nail olduq. Artıq yaxşı istirahət edib, xəstə və zədəlilərimizi sağaldıb fasilədən sonrakı dövrə hazırlaşacağıq”.

Abasov sərəncamında olan hücumçulardan razılıq bildirib: “Hücum xətti təkcə hücumçudan ibarət deyil. Bəzi elementlər var ki, bunu mütləq digər mövqe oyunçuları etməlidir. Bu gün həmin futbolçular və əlimizdəki hücumçular məni tam qane edir. Mirabdulla Abbasov çox iş görür. Bu, onu əsas heyətdə meydana buraxmaq üçün bizə əsas verir. Amma əsas heyətdə qalmaq üçün heç kimə zəmanət yoxdur”.

Baş məşqçi çempionluq mübarizəsi barədə də fikirlərini bölüşüb: “Çox yaxşı rəqiblərimiz var. Heç bir komandanı hesabdan silmirik. Qış fasiləsindən sonra bizi çətin oyunlar gözləyir. Bununla belə, söz verə bilərəm ki, çempion olmaq üçün əlimizdən gələni edəcəyik”.