10:41 25-12-2020
news_image
134
FUTBOL

Bəxtiyar Həsənalızadə: “Başqasında səhv axtaranda öz səhvini görmürsən” - MÜSAHİBƏ

“Sabah” klubunun yeni transferi Bəxtiyar Həsənalızadənin apasport.az saytına müsahibəsi

- “Sabah”a keçidiniz necə baş tutdu?
- “Sabah”a əvvəlcə yoxlanışa getdim. Təxminən bir həftə əvəzedici heyətlə hazırlaşdıqdan sonra əsas heyətin məşqlərinə qoşuldum. Bir neçə gün də orada məşq keçdim, məşqçilər heyəti müsbət rəy verdi. Ardından rəhbərliklə danışıq oldu, razılaşdıq.

- “Sabah”da kifayət qədər sabiq komanda yoldaşın və yerli oyunçu var. Bunu komandaya tez uyğunlaşmağınız baxımından üstünlük saymaq olar?
- Razıyam sizinlə. Əksi olsaydı, uyğunlaşma çətin keçərdi. Slavik Alxasov, Məhəmməd Mirzəbəyov, Bəhlul Mustafazadə keçmiş komanda yoldaşlarımdır. Həmçinin Ruslan Abışov, Ramil Şeydayev də millidən tanışdır. Artıq legionerlərlə də yaxşı ünsiyyət qura bilmişəm. Uyğunlaşma prosesi normaldan da yaxşı gedir.

- Ruslan Abışov, Bəhlul Mustafazadə və Filip İvanoviçlə rəqabətdən qalib ayrılmaq çətin olmayacaq?
- Rəqabət həmişə futbolçuların xeyrinə olub. Filip öz mövqeyində oynamasa belə, çox yaxşı çıxış edir. Hər üçünün çıxışını bəyənirəm. Artıq müdafiənin mərkəzində dörd nəfərik. Baş məşqçinin də taktikasına uyğun iki və ya üç nəfər oynayacaq. Aramızda olan rəqabət həm fərdi inkişafımıza şərait yaradacaq, həm də komandaya xeyir verəcək.

- Budəfəki qış toplanışı çox qısa müddət çəkəcək. Bir ilə yaxındır futbol oynamadığınızı nəzərə alsaq, bu amili sizin ziyanınıza saymaq olar?
- Bəli, bunu mənfi hal hesab etmək olar. Klubsuz olduğum müddət ərzində məşqlərimi davam etdirmişəm. Düzdür, kollektivlə birlikdə keçən məşqin əvəzini verməsə də, fiziki formanı qorumağa çalışmışam. Bundan sonra da uğur qazanmaq istəyirəmsə, əlavə əziyyət çəkməliyəm. Komanda istirahətə yollansa da, mənim fasilə vermək fikrim yoxdur, məşqlərimi davam etdirəcəyəm. Onsuz da, 6 aydır fərdi məşqləri saymasaq, istirahət edirəm. Çalışacağam komandaya qoşulanda heç olmasa fiziki hazırlığım digər futbolçular səviyyəsində olsun.

- “Zirə”dən ayrıldıqdan sonra klubsuz qalmağınızın səbəbi nə idi? Təklif gəlmədi?
- Açığı, “Zirə” rəhbərliyi yeni müqavilə təklif etmişdi. Baş məşqçi Rəşad Sadıqov da buna razılıq vermişdi. Buna görə onlara təşəkkür edirəm. Xırda anlaşmazlığa görə anlaşma baş tutmadı. Başqa təklif olmadı, bunun da səbəbini bilmirəm. Hərənin futbola baxışı fərqlidir. Çalışıram ki, hər şeyi yaxşıya yozum. Çünki neqativ düşündükdə insan günahı özündə yox, başqalarında axtarır. Mən ilk növbədə günahı özümdə görürəm. Bəlkə də, “Zirə”də qalmağım daha xeyirli olardı. İnsan başqasında səhv axtaranda öz səhvini görmür və onu düzəltmək imkanı olmur.

- Bu ilin yanvarından “Zirə”nin əsas heyətindən uzaqlaşdırıldınız, ilin ikinci yarısını isə klubsuz keçirdiniz. Günahı isə özünüzdə görürsünüz. Bir il futbolsuz qalacaq dərəcədə nə günah işlədə bilərsiniz?
- İnsanların ürəyinə girmək, onların fikrini oxumaq mümkün deyil. Başqasının üstünə böhtan atmaq özünü rahatlaşdırmaq cəhdidir. Mən də bu yola əl atmaq istəmirəm. Düşünürəm ki, səhvlərin əksəriyyəti məndə olub, haradasa boşluq vermişəm. Hər məşqçinin öz baxışı var, özünü məcbur ona bəyəndirə bilməzsən. 

- Söhbət düşmüşkən, “Zirə”də əvəzedici heyətə göndərilməyinizin səbəbi nə idi? Həmin vaxtkı baş məşqçi Zaur Həşimovla aranızda problem yaranmışdı?
- İlk növbədə deyim ki, intizamsızlıq, dava-dalaş falan olmamışdı. Sadəcə, baş məşqçi ilə söhbətimiz oldu və bildirdi ki, onun oyun sisteminə uyğun deyiləm. Rəhbərlik də dedi ki, klub tapa bilsən, ayrılmağına şərait yaradacağıq. Sağ olsunlar, ən azı klubsuz qalmağıma səbəb olmadılar, əvəzedicilərlə məşqlərimi keçdim, maaşımı da aldım. “Zirə” klubundan heç bir şikayətim yoxdur, əksinə, onlara təşəkkür edirəm. Həyatımda yeni səhifə açmışam, keçmişə qayıtmaq istəmirəm.

- “Sumqayıt”da uğurlu çıxışı nəzərə alsaq, “Zirə”yə keçməyinizə görə peşmanlıq çəkmirsiniz?
- İnsan gələcəkdə nələrin baş verəcəyini bilsəydi, həyatın mənası olmazdı, həmçinin heç vaxt səhv eləməzdi. “Zirə”yə keçməyin ziyanıma işlədiyini düşünmürəm. Əksinə, bəzi məqamların xeyrimə olduğunu fikirləşirəm. Bir növ formatlandım, həyatımda yeni hədəflər yarandı.

- Demək olar ki, 2020-ci ildə kənarda qaldınız. Premyer Liqada mübarizə necə görünürdü?
- Azarkeşsiz çempionat bir az solğun görünür. Sürprizlər oldu. Məsələn, “Sumqayıt”ın mövsümün əvvəlindəki, həmçinin “Zirə”nin ilk yarıdakı uğurlu çıxışını qeyd edə bilərəm. “Zirə”nin oyunları maraqlı keçir, bol qollu alınır. “Qarabağ”ın avrokuboklardakı uğursuz nəticələri çempionata da sirayət etdi. Amma sonradan yenidən toparlandılar. Çempionat yenicə qızışırdı ki, fasilə yarandı. Son turlar daha maraqlı oyunlar oldu.

- Yeni komandanız “Sabah”ın son pillədə qərarlaşması bir çoxları üçün sürpriz oldu...
- “Sabah”ın çıxışlarında enişli-yüksəlişli qrafik var idi. Düşünürəm ki, komanda oyunu, hazırkı durumu ilə son pillədə qərarlaşmağa layiq deyil. Amma 4-cü pillədəki komandadan cəmi 3 xal fərq var. Məncə, hələ heç nə itirilməyib. “Sumqayıt” üzərində dünənki qələbə qış fasiləsindən sonra uğurlu başlanğıc üçün stimul olacaq. Ümid edirəm ki, çıxışımız müsbətə doğru gedəcək.

Ruslan Sadıqov