12:12 25-12-2020
news_image
102
FUTBOL

19 yaşlıq fərq - Premyer Liqada

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün 2020-ci ilə aid hissəsində meydana çıxan ən gənc və ən yaşlı futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, arxada qalan 13 turda ən gənc oyunçu Cəlal Hüseynov olub.

“Zirə”nin 16 yaşlı futbolçusu cari mövsümdə meydana çıxan ən azyaşlı futbolçudur. 2004-cü il təvəllüdlü müdafiəçinin ən yaxın izləyiciləri ondan 2 yaş böyükdür. Bunlar 
Fərid Yusifli (“Neftçi”), Musa Qurbanlı (“Qarabağ”), Rüfət Əhmədov (“Qəbələ”) və Veysəl Rzayevdir (“Sabah”).

Cəlal çempionatın ən yaşlı oyunçularından 19 yaş kiçikdir. Kamal Bayramov, Ruslan Əmircanov, Rail Məlikov (hamısı “Keşlə”), Anar Nəzirov (“Qəbələ”) və Saşa Stamenkoviç (“Sabah”) bu il 35 yaşını tamamlamış futbolçulardır. Onlar arasında ən yaşlısı cəmi 11 gündən sonra növbəti ad günü olacaq Saşadır.