
İngiltərənin “Liverpul” klubunun futbolçusu Sadio Mane komandasının Premyer Liqadakı ən yaxşı bombardirləri siyahısında 5-ci yerə şərik olub.
Apasport.az saytının məlumatına görə, seneqallı hücumçu XV turun “Vest Bromviç”lə görüşündə özünün 69-cu qoluna imza atıb.
Luis Suaresə çatan Mane yalnız 4 oyunçudan geri qalır. Bunlar Robbi Fauler (128), Stiven Cerrard (120), Maykl Ouen (118) və Məhəmməd Salahdır (86).
Evdə 1:1 hesablı heç-heçə edən “Liverpul” Premyer Liqada doğma meydanda ardıcıl 67-ci məğlubiyyətsiz matçı keçirib. Liverpulluların İngiltərə çempionatları tarixinin “Çelsi”yə məxsus rekordunun təkrarlamasına 19 oyun qalıb.
Mersisaydlılar 4 ildən sonra düşmə zolağında qərarlaşan rəqiblə görüşdə qələbəni əldən verib. 2016-cı ildə “Liverpul” hesabda öndə olduğu qarşılaşmada “Vest Hem”lə heç-heçə edib – 2:2.
Qeyd edək ki, 19-cu pillədə qərarlaşan “Vest Bromviç”lə görüşdə hesabı açan meydan sahibləri üstünlüyü qoruya bilməyib.