12:59 28-12-2020
news_image
193
FUTBOL

İlk yarının simvolik “11-liy”i – Premyer Liqamızda

Azərbaycan Premyer Liqasında artıq qış fasiləsi yaranıb.

Mövsümün geridə qalan 13 turunda uğurlu çıxışı ilə təccübləndirən futbolçular da oldu, zəif oyunu ilə məyusluq yaradanlar da.

Apasport.az saytı olaraq ilk yarının rəmzi “11-liy”ini müəyyənləşdirmişik. 

Seçim zamanı oyunçuların fərdi göstəriciləri ilə yanaşı, komandalarının nəticələrinə də önəm verildi. Yalnız son pillələri bölüşən “Səbail” və “Sabah”dan heç kim simvolik komandaya düşmədi. Bunun da səbəbi adıçəkilən klubların zəif çıxışı ilə yanaşı, futbolçularının da qeyri-stabil oynamalarıdır.

3-4-3 sisteminə uyğun qurulan rəmzi “11-liy”ə “Qarabağ”dan 3, “Zirə”, “Neftçi”, “Sumqayıt”dan 2, “Keşlə” ilə “Qəbələ”dən isə 1 futbolçu düşüb.

Qapıçılardan yalnız Aqil Məmmədov bütün matçlarda çərçivədəki yerini tutub. Ancaq “Neftçi”nin qolkiperinin göstəricisi heç də yüksək deyil. “Zirə”də Mateus Albino və “Səbail”də Nikolas Hagen həmkarları ilə müqayisədə daha etibarlı görünürdü. Albinonu qurtarışları, oyun sayına görə daha az top buraxması və komandasının turnir cədvəlindəki mövqeyi baxımından ən yaxşı seçdik.

Müdafiə xəttində namizədlər kifayət qədər idi. Tellur Mütəllimov, Yurgen Qoxa, Amin Seydiyev, Ürfan Abbasov kimi arxa xətt oyunçularının şəxsi göstəriciləri pis olmasa da, onların şərəfini qoruduğu klublar müdafiə olunmaqda yaxşı deyildi. Arxa xətdə öz işini uğurla görən Vojislav Stankoviç və Kevin Medinanın yanına son vaxtlar yüksəlişdə olan Azər Salahlını əlavə etməyi üstün tutduq.

Premyer Liqada yarımmüdafiəçilər digər mövqe oyunçularından bir qədər geri qalırlar. Klublarda çox az sayda orta sahə oyunçusu var ki, həm stabil oyun sərgiləyir, həm də komandasına liderlik edir. Bu mənada “4-lüy”ü müəyyənləşdirmək çətin olmadı. Simvolik komandaya düşməyənlərdən İsmayıl İbrahimli, Mamadu Kane və Dimitro Klotsun adını çəkmək olar. Lakin onlar da əlahiddə bir şeylə yadda qalmadılar.

Hücumun bir cinahında, şübhəsiz ki, çempionatın bombardiri Namiq Ələsgərov olmalıdır. Zədə səbəbindən bəzi matçları buraxan Əli Qurbani və Mahir Emreli isə az oyun keçirməsinə baxmayaraq, qolçuluq bacarığı ilə ön xətdə yer almağa layiqdirlər.

Simvolik “11-lik”
Qapıçı:
Mateus Albino (“Zirə”)
Müdafiəçilər: Vojislav Stankoviç (“Neftçi”), Kevin Medina (“Qarabağ”), Azər Salahlı (“Keşlə”)
Yarımmüdafiəçilər: Filip Ozobiç (“Qarabağ”), Elvin Camalov (“Zirə”), Rafael Utriq (“Qəbələ”), Rəhim Sadıxov (“Sumqayıt”)
Hücumçular: Namiq Ələsgərov (“Neftçi”), Mahir Emreli (“Qarabağ”), Əli Qurbani (“Sumqayıt”).