13:23 28-12-2020
news_image
99
FUTBOL

2020-ci ilin ən yaxşı futbolçusunu seçdi –“Sabah”ın məşqçisi

“Mən ən yaxşı kimi Qara Qarayevi fərqləndirərdim. Qaranı seçməyimə əsas səbəb onun son vaxtlar “Qarabağ”da müxtəlif mövqelərdə inamlı çıxış etməsidir”.

Bunu apasport.az saytının Azərbaycanda 2020-ci ilin ən yaxşı futbolçusu sorğusuna cavabında “Sabah” klubunun məşqçisi Rövşən Babayev deyib.

Paytaxt təmsilçisinin baş məşqçisi Visente Qomes cəmi 4 aydır ölkəmizdə olduğundan, sorğuda onun köməkçisi Babayev iştirak edib. O, millimizin yarımmüdafiəçisi barədə müsbət fikirlər səsləndirib: “Son günlərdə bir çox komandada koronavirus pandemiyası ilə bağlı heyət sarıdan problemlər yaranmışdı. “Qarabağ”da baş məşqçisi son oyunlarda Qaranı müxtəlif mövqelərdə sınadı. Fikrimcə, o, bu sınaqlardan üzüağ çıxmağı bacardı. Qarayevin futbolçu keyfiyyətləri, bacarığı çox yaxşıdır”.

Qara Qarayevi ölkənin ən yaxşısı hesab edən Babayev daha 2 oyunçunu tərifləyib: “Qaranı seçməyimdə onun liderlik xüsusiyyətləri də mühüm rol oynadı. Fikrimcə, hazırda Qara Qarayev Azərbaycan çempionatında ən yaxşıdır. Bundan əlavə, “Neftçi”dən Namiq Ələsgərov və “Keşlə”dən Vüsal İsgəndərlini də yaxşı mənada fərqləndirərdim. Hər iki futbolçu hazırda çox yaxşı formadadır və çıxış etdikləri klubların ən fəal üzvlərindən, liderlərindəndir".

Qeyd edək ki, buna qədər “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev və futbol veteranı Tərlan Əhmədov da ilin ən yaxşı futbolçusu kimi Qara Qarayevi seçib.