15:41 28-12-2020
news_image
276
FUTBOL

Samir Əliyev: “Bizdə ümumilikdə 60-70 futbolçu olur, onların da 10-u qapıçıdır” - MÜSAHİBƏ

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyevin apasport.az saytına müsahibəsi

- AFFA ilə yeni müqavilə imzaladınız, postunda qaldınız. Bundan sonrakı hədəflər nələrdir?
- Əslində bu ilin oktyabrında seçmə mərhələnin oyunlarını keçirməli idik. Ancaq koronavirus pandemiyasına görə, matçlar gələn ilin martına təxirə salınmışdı. Bildiyiniz kimi, U-17-lərin turniri ləğv olundu. Biz isə martda Fransa, Yunanıstan və Moldova ilə qarşılaşmalıyıq. Hazırlığı da buna uyğun quracağıq.

- Yeni ilin ilk təlim-məşq toplanışını nə zaman keçirməyi planlaşdırırsınız?
- Mövcud durumla əlaqədar assosiasiyada yığışmaq olmur. UEFA-nın son qərarının ardından onlayn şəkildə 2-3 dəfə toplantı keçirib, müzakirə apardıq. Bilirik ki, vaxtımız çox azdır. Toplantıda əsasən klubların işinə mane olmayacaq şəkildə hazırlıq keçməyin yolları müzakirə olundu. Ancaq o da alınmır. Yanvarın 21-də Premyer Liqada, fevralın əvvəlində də birinci divizionda mübarizə bərpa olunacaq. Hər iki turnirdə futbolçularımız var. Bu səbəbdən bir az çətinliklərlə üzləşəcəyik. Toplanış müddətində ən azı iki beynəlxalq oyun keçirməyimizi istəyirdim. Çünki komandamızın potensialını görmək üçün ən yaxşı yol budur. Hər dəfə ya birinci divizion, ya da Premyer Liqa klubu ilə yoxlama görüşü keçirirdik. Bu dəfə belə imkanımız olmayacaq. Təəssüf ki, indiki durumda beynəlxalq görüş keçirməyimiz də mümkün görünmür. Yanvarın 25-dən sonra Bakıda bir araya gəlmək fikrimiz var.

- Həmin vaxt klubların çempionat oyunları olacaq. Klublarla bu barədə söhbətiniz olubmu?
- Bir neçə klubla danışmışıq. İstəyimizi indidən bildirmişik ki, sonradan narazılıq etməsinlər. Təbii ki, bəzi problemlər var, AFFA rəhbərliyi ilə onları müzakirə etmişik. Klubları da başa düşürük, elə oyunçular var ki, onlara lazımdır. Amma milli naminə gərək bir-birimizə dəstək olaq. Elə geniş seçim imkanımız da yoxdur ki, 1-2 futbolçu olmayanda yerinə başqasını çağıraq. Demək olar ki, yanvardan bəri tam oturuşmuş heyəti bir yerə yığa bilməmişik.

- U-19 üvzlərinin klublarındakı çıxışını yəqin ki, izləyirsiniz. Ümumi mənzərə ürəyinizcədir?
- Premyer Liqada çıxış edən futbolçular bizi sevindirir. Nə qədər çox oynayan olsa, bizim üçün bir o qədər yaxşıdır. U-19 liqasından çağırılan uşaqlar da var, ancaq həmin turnir keçirilmir. Ancaq məşqlə kifayətlənirlər ki, bu da bizi məyus edir. Ən azı əsas komandalarda təcrübəli futbolçularla məşq edən gənclər var. Bəziləri oyuna da çıxır. Birinci divizionun isə son turu istisna olmaqla bütün matçlarını izləmişik. Məncə, ümumi mənzərə yaxşıdır. Gileylənmək istəmirəm, uşaqlar çalışırlar. Yaxşı oynayan da var, zəif çıxış edən də. Amma ümumi götürdükdə qeyri-stabillikdir. Futbolçular bir matçı yüksək səviyyədə keçirir, sonra zəif görünürlər. Fikrimcə, bu da yaşla əlaqədardır.

- U-19 liqası keçirilmir, I Divizion istənilən səviyyədə deyil. Premyer Liqada olan U-19 üzvləri də nadir hallarda oyuna çıxırlar. Məşq keçmək kifayətdirmi?
- Əlbəttə ki, kifayət deyil. Çünki futbolçu oynadıqca artırır. Razıyam ki, birinci diviziondakı oyunçularla seçmə mərhələdə uğur qazanmaq real görünmür. Ancaq deyim ki, bu liqada da kifayət qədər maraqlı, sürətli oyunlar olur. Amma bu da bəs etmir. Rəqiblərimizdən olan Fransa yığmasının oyunçuları yüksək liqada çıxış edirlər. Həmçinin Yunanıstanda da belədir.

- Növbəti toplanışda yeni adlar çox olacaq?
- Yanvardan bəri 60-a yaxın futbolçu nəzərdən keçirmişik. 400-500 oyunçu arasından seçim etmirik. Aparıcı futbol ölkələrində U-19-a 1000-ə yaxın namizəd olur. Bizdə ümumilikdə 60-70 nəfər olur, onların da 10-u qapıçıdır. Hər yaş qrupunda problemli mövqelər var. Elə mövqe var ki, 4-5 oyunçu çağırmaq olar. Amma eləsi də var ki, ora futbolçu yoxdur. Belədə kənardan dəvət etmək məcburiyyətindəsən.

- Hazırda hansı mövqeyə kənardan oyunçu axtarırsınız?
- İki mərkəz müdafiəçimiz bundan əvvəlki seçmə mərhələdə qırmızı vərəqə aldığı üçün qarşıdakı matçı buraxacaq. Həmin mövqedə də məhdud sayda oyunçumuz var. Üstəlik, seçmə mərhələ öncəsi kimsə zədələnə və ya xəstələnə bilər. Belə bir problem var. Heç olmasa bir mərkəz müdafiəçisi gətirmək istəyirik. Şəxsən mən yerlilərin oynamasının tərəfdarıyam. Bilirəm ki, bunu düzgün qəbul etməyənlər var. Ancaq başa düşməliyik ki, bu, məcburiyyətdən edilir.

- Martda Avropa çempionatının seçmə mərhələ oyunlarını keçirəcəksiniz. Qrupda nəyə ümid etmək olar?
- Rəqiblərimiz güclüdür. Ancaq Fransanı çıxmaq şərtilə Yunanıstan və Moldova ilə mübarizə aparmaq olar.

Ruslan Sadıqov