16:22 29-12-2020
news_image
241
FUTBOL

Yığmamızın müdafiəçisi: “Belə əfsanəvi futbolçunun mənə inanması qürurvericidir” – MÜSAHİBƏ

“Səbail”in müdafiəçisi Tural Manafov klubunun saytına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin heyətində ilk qolunu Premyer Liqanın XIII turunda “Qəbələ” ilə görüşdə (1:3) vuran 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü təəssüratlarını bölüşüb.

- İlk qolunuzla bağlı təəssüratlarınız nələrdir?
- “Səbail”də ilk qoluma görə çox sevindim. Bu, həm də Premyer Liqada ilk qolum idi. Təbii ki, çox sevindirici haldır.

- “Səbail”də, adətən, cərimə zərbəsini Rahid Əmirquliyev və ya Əfran İsmayılov yerinə yetirir. Həmin matçda bu məsuliyyəti almağınız əvvəlcədən planlaşdırılmışdı?
- Xeyr, əvvəlcədən planlaşdırılmamışdı. Əfran İsmayılov vurmalı idi. Sadəcə həm uzaqdan, həm də sol tərəfə meylli olmasına görə mənə təklif etdilər. Mən də razılaşdım. Sağ olsunlar, güvənib, cərimə zərbəsini yerinə yetirməyi mənə həvalə etdilər.

- Xarici, yaxud yerli kumiriniz var?
- Yerli kumirim yoxdur. Xaricilərdən isə Marselodur (“Real”ın braziliyalı müdafiəçisi).

- Rahid Əmirquliyev gənc kadrlardan sizin adınızı həm perspektivli oyunçu, həm də gələcəkdə milliyə namizədlərdən biri kimi çəkmişdi. Bu barədə nə düşünürsünüz?
- Bu fikirlərinə görə özünə də təşəkkürümü bildirmişəm. Belə əfsanəvi futbolçunun mənə inanması qürurvericidir. Mən də şansı gözləyirəm ki, həm millidə, həm də legioner kimi başqa ölkədə karyerama davam etmək üçün təklif gəlsin və dəyərləndirim.

- Pandemiya oyunlara təsir etməklə yanaşı, sizdə hansısa psixoloji çətinliklər yaratdı?
- Psixoloji çətinlik futbolumuza görə oldu. Çünki çempionatın dayanması heç birimizə xoş deyildi. Oyunlar dayanır və biz çıxış edə bilmirik, məşqlər də dayandıqca geri qalırıq.

- “Səbail”də həm müdafiədə, həm də yarımmüdafiədə oynamısınız. Özünüzü hansı mövqedə daha uğurlu hesab edirsiniz?
- Mən özümü müdafiədə rahat və uğurlu hesab edirəm.

- Komanda yoldaşlarınızla münasibətləriniz necədir? Yaxın dostunuz varmı?
- Komandada hamıyla əlaqəm çox yaxşdır. Gənclərdən Ruslan Hacıyev və Ədilxan Qarəhmədovla daha yaxınam. Ümumi olaraq, böyük-kiçik fərqi olmadan hamıya hörmət edir və bunun qarşılığını görürəm.

- Vurduğunuz qol sosial şəbəkələrdə çox bəyənildi. Azarkeşlər stadionda olsaydı, auranı təsəvvür etmək çətin deyildi. Bu haqda nə düşünürsünüz?
- İlk olaraq, azarkeşlər üçün darıxdığımızı qeyd etmək istəyirəm. Karantin rejimi bitəndən sonra oyunlara daha çox gəlmələrini və daha çox dəstək olmalarını istəyirəm. Onların dəstəyi bizi motivasiya edir.