17:02 29-12-2020
news_image
417
FUTBOL

Emin Mahmudov “Neftçi”yə xəyanət etmədi – “Apollon”a görə

“Neftçi”nin kapitanı Emin Mahmudovun karyerasını Kiprdə davam etdirmək variantı olub.

Apasport.az saytının məlumatına görə, bu barədə futbol meneceri Aleksandr Manyakov çıxış edib.

O, "teleqram"hesabı vasitəsilə Azərbaycan millisinin üzvünün mövsümün əvvəlində “Apollon”un maraq dairəsində olduğunu yazıb: “Çoxları Emin Mahmudovu “Spartak”da və Rusiyanın digər klublarında çıxışlarından xatırlayır. İndi “Neftçi”nin kapitanıdır. Eminin müqaviləsi bitirdi, Kiprin “Apollon” klubunun nümayəndələri mənimlə əlaqə saxladılar. Komanda Avropa Liqasında çıxış edirdi, həqiqətən də, Mahmudovu heyətlərində görmək istəyirdilər. Yaxşı şərait yaratdıq, danışıqlar apardıq, oyunçu hər şeyi bəyəndi. Ambisiyaları olan Avropa klubu həmişə maraqlıdır”.

Menecer keçidin baş tutmama səbəbini də izah edib: “Emin sonda mənəvi və etik səbəblərdən keçidi rədd etdi. Kapitan olduğu və bir neçə ilini keçirdiyi komandaya xəyanət edə bilməyəcəyini anladı. Eləcə də, Bakını tərk edərək Kiprə getməyin yanlış olacağını düşündü”.

Qeyd edək ki, Emin Mahmudov yay fasiləsində “Neftçi” ilə yeni 3 illik müqavilə imzalayıb.