11:46 30-12-2020
news_image
429
FUTBOL

Millimizi özlərinə rəqib saymır – serbiyalı hücumçu

“Hər bir futbolçu üçün ən böyük qürur ölkəsinin ən yaxşı futbolçuları arasına düşmək, milli komandasının formasını geyinmək və meydanda mübarizə aparmaqdır”.

Apasport.az saytının məlumatına görə, bunu Serbiya yığmasının hücumçusu Aleksandar Priyoviç deyib.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun formasını geyinən 30 yaşlı forvard DÇ-2022-nin seçmə mərhələsində düşdükləri qrupu dəyərləndirib. O, əsas rəqibləri arasında yığmamızı görməyib: “Portuqaliyaya qarşı oynamaq çox çətin olacaq. Amma İrlandiyanı da unutmaq olmaz. Onlar döyüşkən və ağır rəqibdirlər. Buna baxmayaraq, Serbiya yığmasının dünya çempionatına vəsiqə qazanacağına inanıram”.

Priyoviçin fikrincə, “Qarabağ”ın oyunçusu Uroş Matiçin “Mançester Yunayted”dəki qardaşı Nemanya Matiç Serbiyanın ən yaxşı futbolçusudur: “Nemanya Matiç, şübhəsiz ki, indiki dövrün ən yaxşı serbiyalı futbolçusudur. İllərdir İngiltərənin ən böyük klublarında yüksək səviyyədə oynayır. Həqiqətən də, onun etdikləri, karyerası haqda nəsə demək artıqdır. Mənim üçün Matiç bir nömrədir”.

Qeyd edək ki, Serbiya yığması DÇ-2022-nin qrup mərhələsində Portuqaliya, İrlandiya, Azərbaycan və Lüksemburqla mübarizə aparacaq. Martın 24-də baş tutacaq ilk turda millimiz Portuqaliyanın qonağı olacaqsa, serblər İrlandiyanı qəbul edəcək.