17:56 30-12-2020
news_image
1107
FUTBOL

Rəmzi “11-lik”də “Zirə”nin 3 futbolçusu - uğurlu debütantlar

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün ilk yarısında 37 futbolçu debüt edib.

Apasport.az saytının məlumatına görə, onlardan 28-i əcnəbilər olub.

Cəmi 9 yerli oyunçu çempionatda birinci dəfə çıxış edibsə, onlar da aşağı yaş qrupundan dəvət edilən gənclərdir. Təsadüfi deyil ki, debütantların 13 turda keçirdikləri oyun sayına görə, ilk 22 sırada əcnəbilər qərarlaşıb. Ən çox meydana çıxan yerli debütant “Sabah”ın 18 yaşlı yarımmüdafiəçisi Veysəl Rzayevdir. O da 7 matçda forma geyinib.

Bu səbəbdən debütantların simvolik “11-liy”ini müəyyənləşdirərkən, seçilən 11 nəfərin hamısının əcnəbi olması başadüşüləndir. “Zirə”nin yeni əcnəbilərini xüsusi vurğulamaq olar. Rəşad Sadıqovun kollektivinin uğurlu çıxışında, göstərdiyi nəticələrdə debütantların rolu danılmazdır.

Bəlkə də, oxucular simvolik komandaya düşən hansısa futbolçu ilə razılaşmayacaqlar. Ancaq etiraf etmək lazımdır ki, daha yaxşıları olmadığı üçün bəziləri məcburiyyətdən bu siyahıya salınıb. “11-liy”in 5-4-1 sisteminə uyğun qurulması da ikinci uğurlu debütant hücumçunun tapılmamasından qaynaqlanıb.

Qapıçı: Mateus Albino (“Zirə”);
Müdafiəçilər: Kevin Medina (“Qarabağ”), Yurgen Qoxa (“Qəbələ”), Dmitrios Çantaklias, Lazar Corceviç (hər ikisi “Zirə”), Tallison Diaz (“Neftçi”);
Yarımmüdafiəçilər: Dimitro Klots (“Keşlə”), Florian Kadriu (“Səbail”), Rafael Utriq (“Qəbələ”), Sabir Buqrin (“Neftçi”);
Hücumçu: Əli Qurbani (“Sumqayıt”).