23:13 03-01-2021
news_image
1433
STOLÜSTÜ OYUNLAR

“Teymur turniri möhtəşəm keçirdi, hamını birnəfəsə məğlub etdi” - Məmmədyarov

“Bu il bizim ilimizdir. Təbriklər, Tima, təbriklər qardaş. Uğurların davamı gələr, inşallah”.

Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin qalibi olan Teymur Rəcəbovun çempionluğuna fikir bildirərkən deyib.

Həmyerlimizin qələbəsinə sevincini sosial şəbəkə vasitəsilə paylaşımı zamanı bildirən Məmmədyarov ilin uğurlu start götürdüyünü yazıb: “2021-ci ilin Azərbaycan şahmatı üçün uğurlu olduğunu deməyimizə 3 gün bəs elədi. Teymur turniri möhtəşəm keçirdi, hamını birnəfəsə məğlub etdi. Bir daha səninlə qürur duydum, Tima. Ardı gəlsin”.

Qeyd edək ki, finalda Ermənistan təmsilçisi Levon Aronyana qalib gələn Teymur Rəcəbov 60 min dollarlıq mükafata sahib olmaqla yanaşı, ABŞ-da keçiriləcək Çempionlar Turunun final mərhələsinə vəsiqə qazanıb.