12:33 04-01-2021
news_image
506
STOLÜSTÜ OYUNLAR

“Şahmatın Maradonası” – Teymur Rəcəbov

“2002-ci ildə İsrailin tanınmış “Haaretz” nəşrində Teymur Rəcəbov haqqında geniş məqalə yazmışdım. O vaxt şahmatçımızın cəmi 15 yaşı vardı...”.

Apasport.az saytının məlumatına görə, bu fikirlər tanınmış idman jurnalisti Rasim Mövsümzadəyə məxsusdur.

Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun onlayn blits şahmat üzrə “Airthings Masters” turnirindəki qələbəsinə biganə qalmayan həmkarımız sosial şəbəkə hesabında istedad barədə xatirəsini paylaşıb: “Hazırkı uğurundan sonra həmin yazıya bir də göz gəzdirdim. Yazıda Teymurun hələ 6 yaşında Çexiyada yarışda iştirak etdiyi, Argentinada turnirdə iştirakı zamanı “Şahmatın Maradonası” ləqəbinə layiq görüldüyü, digər idman növlərindən futbol və tennislə maraqlandığı, 2002-ci ilin dünya çempionatında Türkiyə və Braziliya komandalarına azarkeşlik etdiyi qeyd olunub. Yazıda onun sevimli futbolçusu braziliyalı Ronaldonun sevimli klubu “Yuventus”a keçməsini arzuladığı, Azərbaycan dilindən başqa, ingilis və rus dillərində də yaxşı danışdığı, azca da ispanca bildiyi və s. barədə məlumat almaq olardı...”.

Qeyd edək ki, Teymur “Airthings Masters”in finalında erməni şahmatçı Levon Aronyanı məğlubiyyətə uğradaraq çempion adına yiyələnib.