14:48 04-01-2021
news_image
190
STOLÜSTÜ OYUNLAR

“Aronyanla mübarizədən Teymur layiqincə çıxdı” – FİDE-nin vitse-prezidenti

Azərbaycan Şahmat Federasiyasının (AŞF) və Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Mahir Məmmədov Teymur Rəcəbovun "Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirində qələbəsi barədə fikirlərini bildirib.

AŞF-in mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, FİDE rəsmisi Teymur Rəcəbovun uğurunu Azərbaycan şahmat məktəbinin qələbəsi kimi qiymətləndirib.

Məmmədovun sözlərinə görə, final görüşünün hər iki günündə qrossmeysterimiz özünü yüksək səviyyədə göstərib: “Bütün partiyalarda vəziyyətə nəzarət edirdi. İkinci günün birinci partiyası ikitərəfli şanslar şəraitində keçirdi və taktiki imkanlarla zəngin idi. Bu mübarizədən Teymur layiqincə çıxdı. Nəticədə "daimi şah" alındı. Bu artıq Teymurun mənəvi qələbəsi idi. İkinci partiya nəzəri heç-heçə vəziyyətində olsa belə Teymur Rəcəbov incə nüanslarla Levon Aronyanı qaçılmaz məğlubiyyət qarşısında qoydu. Teymurun uğuru Azərbaycan şahmat məktəbinin qələbəsi, xalqımızın intellektual potensialının göstəricisidir”.  
 
O bildirib ki, istər vaxtilə ümummilli liderimiz Heydər Əliyev, istərsə də Ali Baş Komandan, Prezident İlham Əliyev Teymurun uğurlarını heç vaxt diqqətsiz qoymayıb, hər zaman ona kömək olublar: “Təkcə Teymur deyil, Azərbaycan şahmat ailəsi daim cənab Prezidentin diqqət və qayğısını hiss edib. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın təbrik məktubu Teymura yeni qələbələrə ruh yüksəkliyi verəcək, həm də məsuliyyətini artıracaq. Fürsətdən istifadə edərək Azərbaycan şahmatına göstərilən diqqətə görə Prezident cənab İlham Əliyevə və Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildirmək istərdik. Teymur Rəcəbov 2019-cu ilin sonunda Azərbaycan şahmatı tarixində ilk dəfə Dünya Kubokuna sahib çıxdı. Bu qələbədən sonra yaxşı idman formasını davam etdirir. Biz gələcəkdə də Teymur Rəcəbov və digər şahmatçılarımızdan böyük uğurlar gözləyirik. 2021-ci il şahmatımız üçün Rəcəbovun qələbəsiylə başladı. İnanırıq ki, qələbələrimiz davamlı olacaq".