00:05 05-01-2021
news_image
183
FUTBOL

Ronaldo zirvədə, Burak Yılmaz 21-cidir - onilliyin bombardirləri

Onilliyin ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-20-ci illərdə 200 və daha çox qol vuranları müəyyənləşdirib.

Milli çempionat və kubok, beynəlxalq klub turnirləri, həmçinin yığmadakı qolların nəzərə alındığı cədvələ dünyanın 41 futbolçusu düşüb. Onilliyin bombardiri Kriştiano Ronaldo olub. Portuqaliyalı ulduz bu müddətdə 550 qola imza atıb. O, daxili liqalarda 332, kubokda 25, beynəlxalq klub turnirlərində 116, yığmada 77 qola sevinib.

Argentinalı Lionel Messi əsrin ikinci onilliyində 549 qol vurub. O, daxili arenada 346 çempionat və 54 kubok qoluna imza atmaqla Ronaldonu üstələyib. Amma beynəlxalq səviyyədə ondan geri qalıb: klubla 93, yığma ilə 56.

İFFHS-in siyahısında polşalı Robert Levandovski 417, isveçli Zlatan İbrahimoviç 340, uruqvaylılar Luis Suares 335 və Edinson Kavani 334 qol vurub. Braziliyalı Neymar (327), argentinalı Serxio Aquero (302), qabonlu Pyer-Emerik Obameyanq (275) və BƏƏ-dən Sebastyan Taqliiabue (265) ilk “onluq”da yer alıb.

Cədvəldə yeganə türkiyəli futbolçu Burak Yılmazdır. O, 234 qolla dünyada 21-cidir. Hücumçu liqada 186, kubokda 11, avrokuboklarda 13, millidə 24 dəfə fərqlənib. Burak “Trabzonspor”, “Qalatasaray”, “Beşiktaş”, Çində “Pekin Quoan” və Fransada “Lill”in şərəfini qoruyub.