10:30 05-01-2021
news_image
534
FUTBOL

Millinin sabiq üzvü ilə maraqlanır – “Səbail”

Qış fasiləsi yaranan kimi heyətində təmizləmə işləri aparan “Səbail” transfer çalışmalarına da start verib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, üç mövqeyə oyunçu axtarışında olan paytaxt təmsilçisi heyətinə qatmaq istədiyi oyunçunu müəyyənləşdirib.

Bu mövsüm əsasən kənarda qalmış millinin sabiq üzvlərinə maraq göstərən bakılılar ənənələrinə sadiq qalırlar. “Səbail” müdafiə xəttinə son olaraq “Sumqayıt”da çıxış edən İlqar Qurbanovu cəlb etmək niyyətində idi. Mövsümün əvvəlindən bəri klubsuz olan 34 yaşlı cinah oyunçusu ilə danışıqlar zamanı tərəflər maliyyə məsələsində ortaq məxrəcə gələ bilməyiblər.

Klub alternativ variantlar nəzərdən keçirir ki, onlar arasında bir ildən çoxdur futbolsuz qalan Arif Daşdəmirov da var. Ancaq 33 yaşlı müdafiəçiyə son ümid kimi baxılır.

Baş məşqçi Aftandil Hacıyevin sərəncamında görmək istədiyi yarımmüdafiəçi isə Elvin Məmmədovdur. Hazırda “Sumqayıt”da çıxış edən 32 yaşlı hücumameyilli oyunçu ötən ilin yayında “gənclik şəhəri” təmsilçisi ilə birillik müqavilə imzalasa da, əsas heyətə düşə bilmədiyi üçün ayrılmağın əleyhinə deyil. “Sumqayıt” onunla müqaviləyə xitam verməyə razı olarsa, Məmmədov da ikinci yarıdan “Səbail”in formasını geyinəcək.

Qeyd edək ki, yığmanın sabiq oyunçularından Rauf Əliyev, Rahid Əmirquliyev, Əfran İsmayılov və Kamran Ağayev də hazırda “Səbail”ə məxsusdur.