13:46 05-01-2021
news_image
578
FUTBOL

“Karyeramı bitirməyi bir müddət idi planlaşdırırdım” – İlqar Qurbanov

“Artıq futbolçu karyeramı başa vuraraq skaut kimi fəaliyyət göstərəcəyəm”.

Bunu apasport.az saytına Azərbaycan millisinə yeni skaut təyin olunan İlqar Qurbanov deyib.

Ötən ilin yayında “Sumqayıt”dan ayrıldıqdan bəri klubsuz olan 34 yaşlı müdafiəçi bir müddətdir futboldan getmək barədə düşündüyünü söyləyib. O, real təklif olmadığı üçün bu addıma əl atdığını əlavə edib: “Düzü, bəzi təkliflər olsa da, heç biri real deyildi. Bu səbəbdən bir müddət idi ki, karyeramı bitirməyi, skaut kimi çalışmağı planlaşdırırdım. Bundan sonra milli komanda üçün oyunçular axtaracağam, onlarla danışacağam. Bu, həm daxili birincilikdə, həm də ölkə xaricindəki futbolçularla bağlı olacaq”.

Qeyd edək ki, “Fənərbaxça”nın yetirməsi olan İlqar Qurbanov karyerası ərzində "Xəzər Lənkəran", “Olimpik”, "Qarabağ", "Qəbələ", "Sumqayıt", Türkiyədə isə "Sivasspor", "Boluspor" və "Mersin İdman Yurdu"nun formasını geyinib.