15:12 06-01-2021
news_image
1416
FUTBOL

Monroz “düyünü” – “Neftçi”də

Qış fasiləsində Prins İbaranın icarə müqaviləsinə xitam verən “Neftçi” daha bir hücumçusu ilə yollarını ayırmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Stiven Jozef-Monrozun hazırkı durumundan razı deyil.

Hücum xəttini gücləndirmək üçün danışıqlarını davam etdirən “Neftçi” ön xətdəki boşluğu aradan qaldırmağa müvəffəq olsa, Monrozla sağollaşmağa çalışacaq. Əvvəlki baş məşqçi Füzuli Məmmədovla dil tapa bilməyən, eyni zamanda intizamsız davranışları ilə rəhbərliyin gözündən düşən fransalı forvardla bağlı yeganə problem onun müqaviləsinin davam etməsidir.

“Ağ-qaralar” komandanın ən yüksək ödənişli oyunçusu ilə mövsümün sonuna qədər olan müqaviləsinə xitam vermək üçün ona təzminat ödəməlidir. Nə rəhbərlik buna yaxın durur, nə də Monroz təzminatsız ayrılmağa. Bu da “Neftçi” tərəfinin əl-qolunu bağlayır.

Cari mövsüm müxtəlif səbəblər göstərilərək əksər matçlarda heyətə salınmayan Monroz Premyer Liqanın cəmi 2 matçında iştirak edib.

Qeyd edək ki, Stiven Jozef-Monroz “Neftçi”yə 2019-cu ilin yayında “Qəbələ”dən keçib.