11:26 07-01-2021
news_image
1296
FUTBOL

Elvin Məmmədov: “Nəticə özü gələcək” - MÜSAHİBƏ

“Sumqayıt” klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun apasport.az saytına müsahibəsi

- Mövsümün ilk yarısını “Sumqayıt” üçün necə dəyərləndirmək olar?
- Əslində, mövsümə yaxşı başlamışdıq. Həm koronavirus pandemiyası, həm də zədələrlə əlaqədar komandada eniş yarandı. Bu da uğursuz nəticələrə gətirib çıxardı. Amma ümumilikdə 13 turdan sonra 4-cü yer də pis nəticə deyil. Həm avrokuboka vəsiqə, həm də daha yüksək pillələrə yüksəlmək ümidi verir. 

- Son 6 matçda cəmi 2 xal toplamısınız. Bu uğursuz nəticə sırf koronavirusla bağlıdır?
- Mən bunu pandemiya ilə bağlayardım. Komandada çox sayda yoluxma oldu, tam kollektiv şəklində heç cür bir araya gələ bilmədik. Bəzən 10 nəfər olmurdu. Maksimum güclə məşq edə bilmədik. Qış toplanışını yüksək səviyyədə keçirib, yenidən yaxşı forma yığmaq istəyirik.

- Əli Qurbani zədələndikdən sonra hücumda ciddi sıxıntılar yaşadınız. Nəticələrə onun yoxluğunun təsiri oldumu?
- Razıyam ki, Əlinin yoxluğunda qol yollarında problem yaşadıq. Qurbani bizim bombardirimizdir, komandanın liderlərindəndir. Vurduğu qollarla Azərbaycana tez uyğunlaşdığını göstərdi. Əlidən sonra qol vəziyyətləri yaratmaq bizim üçün çox çətin oldu.

- Ardıcıl məğlubiyyətlərin sıralandığı bir vaxtda fasilənin yaranması yəqin ki, sizin üçün göydəndüşmə oldu...
- Tamamilə razıyam. Bu fasilə bizə lazım idi. Çünki komanda şəklində hamının bir yerə yığışması vacib idi.

- Bu mövsüm 7 matçda iştirak etdiniz, ümumilikdə 374 dəqiqə meydanda oldunuz. Şəxsi performansınızdan razı qaldınızmı?
- Açığı, yay toplanışını mən də yaxşı keçirmişdim. Sonradan gah zədələnməyim, gah da koronavirusa yoluxmağım çıxışıma mənfi təsir göstərdi. Bu mənada mövsümün ilk yarısında bir az əziyyət çəkdim. Mənim üçün uğurlu olmadı, komandama kömək edə bilmədim. Daha çox xeyir verə bilərdim.

- Koronavirusa yoluxduğunuz zaman əsas şikayətləriniz nələr idi?
- Kürəyim o qədər ağrıyırdı ki, sanki məni döymüşdülər. Dad bilmirdim, iy hiss eləmirdim. Düzdür, çalışırdım çox uzanmayım, amma ayağa qalxanda da başım fırlanırdı. Çox əziyyət çəkdim, əcaib xəstəlik idi.

- Qış fasiləsi qısa çəkəcək və yanvarın 22-də “Keşlə” ilə qarşılaşacaqsınız. İkinci yarı ilə bağlı hədəfiniz nədir?
- Əslində qarşıya konkret bir hədəf qoyulmayıb ki, mütləq hansısa yeri tutmalısınız. Sadəcə, baş məşqçimiz deyir ki, maksimum güclə məşq edin, oyunları yüksək səviyyədə keçirməyə çalışın, belədə nəticə özü gələcək. Mövsümün əvvəlində birinci pillədə qərarlaşdığımız vaxt da oldu, ikinci və üçüncü yerlərdə də olduq. Niyə də yenidən bu nəticəni təkrarlamayaq? Futbol kollektiv idman növüdürsə, hər şey mümkündür.

Ruslan Sadıqov