12:55 07-01-2021
news_image
1290
FUTBOL

Cavid Hüseynov: “Əllərimi havaya qaldırıb təslim olmamışam” - MÜSAHİBƏ

“Qəbələ” klubunun yarımmüdafiəçisi Cavid Hüseynovun apasport.az saytına müsahibəsi

- Mövsümün ilk yarısını 5-ci pillədə tamamladınız. Bunu uğurlu nəticə saymaq olar, yoxsa daha yaxşısını edə bilərdiniz?
- Fikrimcə, bundan daha yaxşı ola bilərdi. Bir periodda 7 oyunun 5-də heç-heçə etdik. Həmin bərabərliklər önümüzdə çox əngəl oldu. Ancaq ardınca toparlandıq, qələbələr ard-arda gəldi. 5-ci yeri də normal qiymətləndirirəm.

- Konkret elə bir oyun var ki, itirdiyiniz xalın məyusluğunu çəkirsiniz?
- Elə həmin 7 turun 5-də itirilən xalları qeyd edərdim. Ardından “Sabah”la ev oyununda 3 xal qazandıq. Həmin matçdan sonra bizdə qələbə hissi artdı, komandada daha çox inam yarandı.

- Son üç turda 7 xal topladınız. Belə demək olar ki, artıq formaya düşmüşdünüz?
- Bəli, xüsusən də, “Qarabağ” kimi komanda ilə heç-heçə etdik. Həmçinin “Səbail”ə səfərdə qalib gəldik. Bunların hamısı qiymətləndirilməlidir. Komandanın potensialı var. Amma bəzən yaxşı oynasan da, qələbə qazana bilmirsən. Sonradan mən də ilk “11-lik”də yer aldım. Uşaqlarda özünəinam daha da artdı. Sözün düzü, uğurlu çıxış etdiyimiz bir vaxtda fasiləyə çıxmağımız yerinə düşmədi. Yaxşı forma yığmışdıq, müsbət nəticələr ard-arda gəlirdi. Amma çempionatın təqvimi var, fasilə də olmalı idi.

- Mövsümün əvvəlində “Qəbələ” autsayder sayılırdı. Bu sizdə qıcıq yaratmırdı?
- Futbolda maddi durum çox önəmlidir. Açığı, “Qəbələ”nin hazırkı büdcəsi də ilk pillələrə iddia etməyə imkan vermir. Aşağı büdcə ilə liderlər qrupunda yer almaq çox çətindir, reallığa uyğun deyil. Autsayder sayılmağımız da büdcə ilə bağlı idi.

- Premyer Liqada 13 matçın 11-də iştirak etsəniz də, ümumilikdə 515 dəqiqə meydanda olmusunuz. Fiziki cəhətdən çatdırmırsınız?
- Futbolda bu cür hallar normaldır. Baş məşqçimiz Elmar Baxşıyevlə münasibətim çox yaxşıdır. Uzun illər bir yerdə oynamışıq. Baş məşqçi belə məsləhət görürdü. Amma sonradan çox istəməyim, məşqlərdəki canfəşanlığım bəhrəsini verdi. Göstərirdim ki, ehtiyatda oturmaq istəmirəm. Bunun da nəticəsi kimi, heyətə dönə bildim. Əllərimi havaya qaldırıb təslim olmamışam. Nə fiziki, nə də digər cəhətdən zəif olduğumu düşünürəm. Bizdə 32-33 yaşına çatan futbolçunu siyahıdan silirlər ki, qocadır, çatdırmır.

- Hazırda transfer dönəmidir. “Qəbələ”nin güclənməsinə ehtiyac varmı?
- Yəqin ki, heyəti gücləndirərlər. İzlədiyim qədərilə Ceyms Adeniyi də gedir. Komandanın güclənməyə ehtiyacı var. Amma klubun buna maddi cəhətdən nə qədər gücü çatacaq, deyə bilmərəm.

- Hazırda 3-cü pillədəki “Zirə”dən 5 xal gerisiniz. Mövsümün bundan sonrakı mərhələsi ilə bağlı məqsədiniz nədir?
- Maksimum hansı pilləyə qədər irəliləyə biliriksə, əlimizdən gələni edəcəyik. Hər oyuna qələbə əzmi ilə çıxacağıq və mövsümü bacardığımız qədər yüksək yerlərdən birində tamamlamağa çalışacağıq.

Ruslan Sadıqov