00:35 10-01-2021
news_image
657
FUTBOL

“Oyunumdan heç vaxt razı qalmıram” - Merab Qiqauri

“Mövsümün ikinci hissəsinin hazırlıqları tam sürətlə, plan üzrə davam edir. Hava şəraiti də yaxşıdır. Bu da yaxşı məşq keçməyimizə mane olmur”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin yarımmüdafiəçisi Merab Qiqauri deyib.

Gürcüstanlı futbolçu klubun rəsmi saytına açıqlamasında yanvarın 5-də start götürən təlim-məşq toplanışını dəyərləndirib: “Bu dəfə ölkə xaricində deyil, Qəbələdə hazırlıq keçirik. Burada hazırlıq üçün hər cür şərait var. Meydançalar da buna uyğundur. Hava da işimizə yarayır. Budəfəki hazırlıq ölkə xaricindəki toplanışdan yalnız yoxlama oyunlarının sayı ilə fərqlənir. Antalyada başqa komandalarla daha çox görüş keçirmək mümkündür”.

Qiqauri “Qəbələ”nin mövsümün arxada qalan hissəsindəki çıxışına da toxunub: “Komandamızın mövsümün ilk hissəsindəki çıxışını əlbəttə ki, müsbət qiymətləndirirəm. Amma hesab edirəm ki, daha çox xal toplaya bilərdik. Elə qarşılaşmalar oldu ki, qalib gəlməli idik, amma qismət deyildi. Öz oyunuma gəlincə, bu barədə danışmağı sevmirəm. Özüm bundan heç vaxt razı qalmıram. Çalışıram ki, özümü meydanda daha çox göstərim. Oyunuma isə kənardan qiymət versinlər”. 

Yarımmüdafiəçi mövsümün 2021-ci ilə aid hissəsi barədə gözləntilərini açıqlayıb. O, “qırmızı-qaralar”ın istənilən hədəf uğrunda mübarizə aparmaq iqtidarında olduğunu bildirib: “Komandamızın gücü hər şeyə imkan verir. Biz də sona qədər mübarizə aparacağıq. Yaxşı nəticə qazanmaq üçün hər şey edəcəyik”.