09:12 11-01-2021
news_image
1981
FUTBOL

“Qarabağ”a keçməklə arzuma çatdım” - Pedro Enrike

“Türkiyəyə gəldiyim üçün peşman deyiləm. Futbola aşiq olan bir ölkədir”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Kayserispor” klubunun yarımmüdafiəçisi Pedro Enrike Konzen deyib.

2017-ci ilin yayında Yunanıstan təmsilçisi PAOK-dan birillik “Qarabağ”a icarəyə verilən braziliyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında həmin dönəmi də xatırlayıb. Çempionlar Liqasının qrup mərhələsində “Roma” ilə matçda (1:2) fərqlənərək Azərbaycan klubunun bu turnirdəki ilk qolunun müəllifi olan Pedro bununla arzusuna çatdığını söyləyib: “Ürəyim qırılmışdı, “Qarabağ”dan təklif gələndə PAOK prezidentindən məni buraxmasını xahiş etdim. Azərbaycan klubuna yollanmaq istəyim Çempionlar Liqasında oynamaq arzusundan qaynaqlanırdı. Bu arzuma da çatdım”.

31 yaşlı hücumameyilli futbolçu yaşadığı ölkələrin mədəniyyətini öyrəndiyini söyləyib: “Olduğum ölkələrin hər birinin dilini və mədəniyyətini bir az öyrənməyə çalışmışam. “Renn”, PAOK və “Qarabağ”da olarkən azarkeşlərin sevimli oyunçusuna çevrilmişdim. Bir gün şans yaranarsa, Braziliyaya qayıtmaq istəyərdim”.

Qeyd edək ki, Pedro Enrike karyerası ərzində İsveçrə, Fransa, Yunanıstan, Azərbaycan, Qazaxıstan və Türkiyədə legioner həyatı yaşayıb.