12:08 11-01-2021
news_image
1914
FUTBOL

Milliyə PSJ-nin və “Nyukasl”ın yetirməsini gətirir - AFFA

Milliləşdirmə üçün ölkə xaricində axtarışlarını davam etdirən AFFA-nın geniş siyahısında olan daha iki futbolçunun adı müəyyənləşib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, assosiasiya İngiltərə və Fransada çıxış edən oyunçuları yaxından izləyir.

Bunlar “Roterham”ın yarımmüdafiəçisi Daniel Barlezer və “Renn”in hücumçusu Metehan Güçlüdür. İngiltərə Çempionşipində çıxış edən Barlezerlə danışıqlarda hətta müəyyən irəliləyiş də var. “Nyukasl”ın yetirməsi olan 24 yaşlı orta sahə oyunçusunun növbəti toplanışa milliyə çağırılması istisna deyil.

AFFA-nın seleksiyaçıları hazırda icarə əsasında “Valensyenn”də çıxış edən 22 yaşlı Metehanı da yaxından izləyirlər. Forvardın mövsümün sonunda hətta Azərbaycana köçmək və Premyer Liqada çıxış etmək variantı da nəzərdən keçirilir.

“Nyukasl”ın akademiyasında yetişən Daniel Barlezer İngiltərənin aşağı liqa komandaları “Kryu”, “Akkrinqton Stenli” və “Roterham”da icarə əsasında çıxış edib. Ötən ilin sonlarında “Roterham”a transfer olunan yarımmüdafiəçinin klubla müqavilə müddəti 2023-cü ilin yayına qədərdir. Bir həftə sona 24 yaşı tamam olacaq Barlezer Türkiyənin U-16, U-17 və İngiltərənin U-18 yığmasında çıxış edib.

Metehan Güçlü isə PSJ-nin yetirməsidir. 2019-cu ilin yayında transfer olunduğu “Renn”lə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir. Cari mövsümün sonuna qədər Liqa2 təmsilçisi “Valensyenn”də oynayacaq Metehan Türkiyənin U-17, U-18, U-19 və U-21 yığmalarının formasını geyinib.