14:36 11-01-2021
news_image

Uğursuz start – cüdoçularımızın dördü də uduzdu

Qətərin paytaxtı Dohada təşkil olunan cüdo üzrə beynəlxalq "Masters" turnirinə start verilib.

Apasport.az saytının məlumatına görə, nüfuzlu yarışa 7 idmançı ilə qatılan Azərbaycan millisinin 4 üzvü tatami üzərinə çıxıb.

Kişilər
66 kq

Bu çəki dərəcəsində mübarizə aparan hər iki cüdoçumuz 1/16 finaldan yarışa qatılıb. Lakin təmsilçilərimiz ilk qarşılaşmada uduzaraq turnirlə vidalaşıb. Nicat Şıxəlizadə moldovalı Denis Vieru, Orxan Səfərov israilli Barux Şmailov ilə görüşdə uduzub.

Qadınlar 
48 kq

Qadın cüdoçularımızın çıxışı nisbətən uğurlu alınıb. Eyni çəkidə mübarizə aparan təmsilçilərimizin ikisi də 1/16 final səddini adlasa da, 1/8 finalda uduzub. Aziza Çakira (Mərakeş) qalib gələn Leyla Əliyeva Xulia Fiqueroaya (İspaniya) məğlub olub. Gülkader Şentürkü (Türkiyə) yenən Aişə Qurbanlı Funa Tonaki (Yaponiya) ilə bacarmayıb.

Digər üç təmsilçimiz yanvarın 13-də tatamiyə çıxacaq. 100 kq çəki dərəcəsində Elmar Qasımov Rafael Buzakarini (Braziliya), Zelim Kotsoyev Ramadan Dervişi (Misir) 1/16 finalda sınağa çəkəcək. 1/8 finaldan yarışa başlayacaq İrina Kindzerska (+78 kq) Sandra Yablonskite (Litva)/Yasmin Qrabovski (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya cüdo turu seriyasından olan "World Masters” nüfuzlu beynəlxalq yarışında 69 ölkədən 215 kişi və 184 qadın olmaqla, ümumilikdə 399 cüdoçu mübarizə aparır.