09:00 12-01-2021
news_image
1089
FUTBOL

“Hədəflərim “Qarabağ”la çempion olmaq, dünya çempionatına qatılmaqdır” - Gerye

“Seçimlə əlaqədar olaraq Haiti hökumətində çalışan bir nəfərlə Haiti Futbol Federasiyasının rəhbərləri ilə aramdakı problemlər barədə danışmaq imkanım oldu. Bir neçə həftə əvvəl həmin şəxs mənə dedi ki, o insanlar artıq federasiyada deyillər və yenidən milliyə qayıda bilərəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Vild-Donald Gerye Haiti mətbuatına açıqlaması zamanı milliyə qayıtması barədə danışarkən deyib.

Ötən ilin sonlarında yığma karyerasını başa vurduğunu bildirən 32 yaşlı sol cinah oyunçusu artıq qərarını dəyişdiyini söyləyib: “Ölkənin mənə ehtiyacı var. Hökumətdə olan dostuma söylədim ki, yığmaya qayıtmaq barədə həyat yoldaşımla məsləhətləşməliyəm. O isə cavabında dedi ki, mən Haitidən bir səfirəm, geri qayıtmalıyam. Problemli insanların artıq federasiyada olmadığını nəzərə alsaq, yığmaya qayıtdığımı deyə bilərəm”.

Gerye 2021-ci illə bağlı hədəflərindən də söz açıb: “2021-ci il üçün hədəfim klubum “Qarabağ”la çempionluq qazanmaq və Haiti yığması ilə dünya çempionatına vəsiqə qazanmaqdır. Mundialda oynamaq istəyirəm”.