13:09 12-01-2021
news_image
1079
FUTBOL

“İndiki hücumçularımızdan heç nə gözləməyə dəyməz” – “Kəpəz” və “Şəmkir”in qolçusu

“Demirəm ki, futbolçu vaxtı “fontan yaratmışam”. Özümə görə azdan-çoxdan oynamışamsa, 100-dən çox qolum varsa, deməli, pis olmamışam”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Kənan Kərimov deyib.

2001/02 mövsümündə “Kəpəz”də 14, 2003/04 mövsümündə isə “Şəmkir”də 19 qolla çempionatın bombardirlər yarışında ikinci yeri tutan Kərimov indi məhsuldarlığın aşağı düşdüyünü söyləyib.

45 yaşlı mütəxəssis bunu ön xətt oyunçularının səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirib: “Həmin vaxt oyunlarda ajiotaj var idi, güclü futbolçular çıxış edirdi, bombardirlik uğrunda mübarizə olurdu. Bombardir olmaq üçün 25-30 qol vurmalı idin. Amma indi 7 qol vuran bombardir olur. Çempionatımızda o dönəmdəkilər səviyyəsində hücumçu görmürəm”.

Kərimov hazırda “Sabah”ın formasını geyinən Azərbaycan millisinin əsas hücumçusu Ramil Şeydayevin ideal formadan uzaq olmasına da toxunub. O, 25 yaşlı forvardın həm millidə, həm də klubundakı oyunlarını izlədiyini söyləyib: “Ramil əsas heyətdəki yerini artıq itirib. Şəxsi münasibətim olmadığı üçün psixoloji durumu barədə nəsə deyə bilmərəm. Yığmanın bəzi matçlarında gözəl qollar vurdu, canfəşanlıq etdi. Fikirləşirdim ki, oyundan-oyuna inkişaf edəcək. Əvəzində klubdakı yerini də artıq itirib. Son dəqiqələrdə meydana girir. Ona güvən olmadığı üçün qol hissiyyatını da itirib. Bu gün elə bir hücumçu yoxdur ki, millinin qol yükünü daşıya bilsin. Ümumiyyətlə, indiki hücumçularımızdan heç nə gözləməyə dəyməz”.

Qeyd edək ki, Kənan Kərimov futbolçu karyerası ərzində “Qarabağ”, MOİK, “Masallı”, “Kəpəz”, “Şəmkir”, “Turan”, “Karvan” və “Qəbələ”nin formasını geyinib.