14:05 12-01-2021
news_image
1083
FUTBOL

AFFA üçün milliləşdirmə nümunəsi - Şahmat Federasiyasından

2021-ci ilin əvvəli Azərbaycanda bir idman növü üzrə milli komandanın legionerlərdən təmizlənməsi ilə əlamətdar oldu.

Apasport.az saytının məlumatına görə, şahmat federasiyası yığmadakı yeganə əcnəbi Arkadi Naydiçlə yollarını ayırdı.

Ən çox legionerin olduğu futbolda isə bunun əksi baş verir. Həm əsas milli komanda, həm də digər yığmalarda əcnəbilərin sayı günü-gündən artır. Şahmat federasiyasının atdığı addımı nə vaxt isə AFFA-nın da təkrarlaması isə artıq mümkünsüz görünür.
 
Çünki qurum legionerləri azaltmaq, futbolçu yetişdirmək əvəzinə, ölkə xaricində axtarışlar aparır. Başqa ölkənin vətəndaşı olan azərbaycanlılara qısa müddətdə pasport düzəltməyi bacaran assosiasiya ad-soyadı bizimkinə bənzərləri də özümüzünküləşdirir.

Naydiçin Azərbaycanı təmsil edib, az-çox yığmamıza fayda verdiyi 5 il ərzində futbol millimizə 10 yeni legioner cəlb olunub. Söhbət əsas yığmada debütü rəsmiləşən başqa ölkə vətəndaşlarından gedir.

Bu müddətdə müxtəlif baş məşqçilər görən komandamızda ümumilikdə 36 oyunçu debüt edib. Bunun da 10-u başqa ölkə vətəndaşlığını AFFA-nın əli ilə bizimkinə dəyişənlərdir  O, ayrı məsələ ki, onların 10-u, hətta 100-ü belə Naydiç qədər uğurlu olmayıb. Hər halda, Arkadi milli ilə titul da qazanıbsa, futbolçular yığma ilə məğlubiyyətləri sıralamaqda davam edir. Onsuz da legioner olmadan da işi uduzmaq olan komanda əcnəbilərlə də eynisini yaşayıb.

Son 5 ildə debüt edən legionerlərin seçimi isə iki qrupa bölünür. Başqa ölkənin vətəndaşı olan azərbaycanlılar və bizə heç bir aidiyyatı olmayan gəlmələr.

Rusiya futbolundan Emin Mahmudov, Ramil Şeydayev və Rəhim Sadıxovu, Almaniyadan Renat Dadaşovu, İsraildən Əli Babayevi, İrandan Əli Qurbanini “oğurlayan” assosiasiya onlara vətəndaşlığımızı verib. Hərçənd Emin, Ramil, Renat yetirməsi olduğu ölkənin aşağı yaş qruplarından olan millilərdə forma geyinsə, tarixi vətəndən alınan təklif daha cəlbedici görünüb.

Ölkəmizlə aidiyyatı olmayan legionerlər isə öz vətənlərində perspektiv vəd etməyənlərdir. Almaniyalı Dəniz Yılmaz, braziliyalı Riçard Almeyda, ukraynalı Anton Krivotsyuk və rusiyalı Şahruddin Məhəmmədliyev futbolumuzun yoğurub yapmadan tapdığı hazır “kökələrdir”. 

Düzdür, Yılmazı bizdən əvvəl Türkiyə yığmaları özünə cəlb edib və aşağı yaş qruplarında da oynadıb. Amma sonradan Almaniya kimi bu ölkə üçün də ikinci dərəcəli futbolçular sırasına düşüb.