11:24 13-01-2021
news_image
1870
AVRO-2020

“Bakıda oynayacağımızı təsəvvür edə bilmirəm” – assosiasiya prezidenti

“Koronavirus pandemiyası dönəmində Avropa çempionatının fərqli ölkələrdə təşkilinin uğurlu olmaq şansı azdır”.

Apasport.az saytının məlumatına görə, bunu İsveçrə Futbol Assosiasiyasının prezidenti Dominik Blan AVRO-2020-nin 12 ölkədə təşkilinə münasibət bildirərkən deyib.

Qurum rəhbəri ölkələrin koronavirusla mübarizədə tətbiq etdikləri müxtəlif səyahət məhdudiyyətlərinə də toxunub: “Məsələn, İsveçrə yığmasının Bakıda, Azərbaycanda oynaya biləcəyini təsəvvür edə bilmirəm. İdman dünyasındakı bir çox sağlamlıq protokolları son aylarda özünü doğrultsa da, bu gün heç kim turnirin hansı formada olacağını təxmin edə bilməz. Avropa çempionatının bir ölkədə baş tutması həll yolu ola bilər. Bütün matçları qəbul edəcək qədər stadiona malik bir şəhər seçmək olar. Məsələn, mən Londonu düşünürəm. Azarkeşsiz keçirilmə ehtimalını da nəzərə alsaq, normaldan fərqli turnir olacaq”.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan AVRO-2020 11 iyun – 11 iyul aralığında baş tutacaq. A qrupunda yer alan İsveçrə yığması iyunun 12-də Uels, 20-də Türkiyə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq. Həmin ayın 16-da isə bu komanda Romada İtaliya ilə üz-üzə gələcək.