13:43 13-01-2021
news_image
437
FUTBOL

“Problem olmamalıdır” - Elmar Baxşıyev

“Qəbələdəki qış hazırlığından məmnun qaldıq. Burada təlim-məşq toplanışı üçün hər bir şərait var”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev komandanın yanvarın 5-də start götürən təlim-məşq toplanışını dəyərləndirərkən deyib.

“Qırmızı-qaralar”ın çalışdırıcısı klubun mətbuat xidmətinə açıqlamasında Qəbələnin Antalyadan yeganə fərqinin yoxlama matçlarının keçirilməsi üçün rəqiblərin olmaması olduğunu söyləyib: “Komanda istirahətdə az müddət keçirdiyindən sınaq matçlarının baş tutmaması problem olmamalıdır. Ümumilikdə, futbolçular üzərinə düşəni səylə yerinə yetirdilər. Onların işə yanaşması məşqçilər korpusunu sevindirir. Toplanışda komandanın həm fiziki, həm də texniki-taktiki durumu, ən əsası xətlərarası əlaqənin daha da yaxşılaşdırılması üzərində işlədik. Akademiyanın 4 futbolçusu hazırlıq dövründə bizə qoşulmuşdu. Onların hamısı potensiala malik futbolçulardır. Bu oyunçulardan bəzilərinin daim bizimlə qalması və əsas komanda ilə davam etməsini planlaşdırırıq”.

41 yaşlı mütəxəssis hazırlıq prosesinin Bakıda gerçəkləşəcək ikinci hissəsi barədə də fikirlərini bildirib: “Yanvarın 14-də “Sumqayıt”la yoxlama görüşü keçirəcəyik. Bu matçdan sonra bir həftəlik hazırlıq prosesi baş tutacaq. Bu mikrotsikllə “Zirə” ilə oyunun hazırlıqlarına başlayacağıq”.

Qeyd edək ki, “Qəbələ” Premyer Liqanın XIV turunda yanvarın 21-də “Zirə”nin qonağı olacaq.