14:50 13-01-2021
news_image
1065
FUTBOL

Niderland klubu ilə müqavilə bağladı - Azərbaycan yığmasının futbolçusu

“Sabah” klubunun yarımmüdafiəçisi Ozan Can Kökçü karyerasını yenidən Niderlandda davam etdirəcək.

Bu barədə apasport.az saytına Azərbaycan millisinin üzvünün atası Halis Kökçü məlumat verib.

O bildirib ki, oğlu bir neçə ölkə klubundan təklif almasına baxmayaraq, mövsümün ikinci dövrəsini Niderlandın ikinci liqa təmsilçisi “Telstar”da keçirmək qərarına gəlib. Bu yaxınlarda Niderlandda azərbaycanlı xanım Sevil Novruzovla nikaha girən 22 yaşlı hücumameyilli futbolçu mövsümün sonuna qədər “Telstar”a icarəyə verilib. Kökçünün bu qərarı verməsində əsas səbəb Azərbaycanı Avropada layiqincə təmsil etmək istəyi və daha yüksək çempionatlara yollanmaq perspektivinin olmasıdır.

Millinin perspektivli oyunçusunun bu istəyini müsbət qarşılayan “Sabah” rəhbərliyi onun yenidən Avropada özünü göstərməsinə heç bir maneə törətməyib. Bakı klubunun prezidenti Maqsud Adıgözəlov şəxsən özü gənc futbolçunun ölkə xaricində Azərbaycanı təmsil etməsində maraqlı olub.

Niderlandda doğulan Kökçü “Qroningen” klubunun yetirməsidir. “Qroningen”lə yanaşı, bir müddət “Feyenoord”un aşağı yaş qrupunda çıxış edən vinger “Valveyk”in əsas komandasının, eyni zamanda Türkiyənin “Bursaspor” və “Giresunspor” klublarının formasını geyinib.

Qeyd edək ki, “Sabah”a 2019-cu ilin yayında keçən Ozan Can Kökçü ötən ilin sentyabrında müqavilə müddətini 2023-cü ilə kimi uzadıb.